Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda həbsdə olan tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun müdafiə kampaniyasına başlayıb.
Təşkilatın saytında Azərbaycan rəhbərliyinə tədqiqatçıları azad etmək istəyi yer alan müraciət nümunəsi dərc edilib.
"Akademiklər İqbal Əbilov və Bəhruz Səmədov elmi əsərlərinə və fəallıqlarına görə qisas olaraq "dövlətə xəyanət" də daxil olmaqla, saxta ittihamlarla həbs olunublar. Hər ikisi həbsdə qalmaqdadır və ailələrinin onlara baş çəkməsinə və ya onlarla ünsiyyət qurmasına icazə verilmir. Təqsirli bilinsələr, onları 20 ilədək həbs cəzası gözləyir", deyə müraciətdə bildirilir.
Müraciətdə Səmədov və Əbilova qarşı ittihamların əsası haqqında açıq rəsmi məlumatın olmadığı qeyd edilir.
Məlumata görə, onların məhkəmə təhqiqatları qapalı aparılır və vəkillərin onların işləri haqqında məlumatı paylaşmasına icazə verilmir, lakin vəkillər onların ittihamları təkzib etdiklərini bildirirlər.
"Onların həbsi Azərbaycan hökuməti tərəfindən öz tənqidçilərini susdurmaq üçün cinayət mühakiməsi sistemindən sui-istifadə edilməsinin nümunəsidir", deyə müraciətdə qeyd edilir.
Sənəddə siyasi motivli bütün təqiblərə dərhal son qoyulması üçün təcili tədbirlər görmək, Bəhruz Səmədov, İqbal Əbilov və siyasi, mülki fəallar, jurnalistlər, hüquq müdafiəçiləri də daxil olmaqla, fərqli düşüncə və ya tənqidi baxışlarına görə əsassız olaraq saxlanılmış və həbs edilmiş bütün digər şəxsləri azad etmək çağırışı yer alır.
Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb, onun yaşadığı evdə axtarış aparılıb.
Avqustun 23-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur. Səmədov ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.
İqbal Əbilov də iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb. Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.
Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
Bu günədək çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, beynəlxalq akademik icmanın üzvləri, habelə ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Bəhruz Səmədovun, həmçinin digər jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini ədalətsiz yerə həbs olunanların hamısını azad etməyə çağırıb.
Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.