“Həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilovun uşaqları bu dərs ilində məktəbə getməyib. Famil Xəlilov öz ağrılarını unudub, uşaqlarının təhsildən yayınmasının ağrılarını yaşayır”.
Bu barədə sentyabrın 18-də Famil Xəlilovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində onunla görüşdən sonra vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.
Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova da Amerikanın Səsinə təsdiq edib ki, 12, 9 və 7 yaşlı uşaqları bu il məktəbə getməyib.
“Uşaqları məktəbə yola salmaq üçün maddi imkanımız yoxdur. Həmçinin kirayədə qaldığımız evin yaxınlığında məktəb yoxdur. Uşaqları məktəbə aparmaq həmçinin mənim üçün çətindir. Maddi imkanla yanaşı, fiziki imkanım yoxdur. Həftədə iki dəfə Familin yanına gedirəm. Onun sanitar-gigiyenik ehtiyaclarını yerinə yetirmək saatlarla vaxt aparır. Yolu da nəzərə alanda həftədə azı iki günüm buna sərf olunur. Uşaqların məktəbə getməsi Familin həbsdən azad olunmasından sonra mümkün ola bilər”, o qeyd edib.
Vəkil Bəhruz Bayramov bildirib ki, Famil Xəlilov artıq 35 gündür aclığı davam etdirir. O “qanunsuz həbsinə” etiraz edir.
“Famil yalnız su və ağrıkəsici dərmanlar qəbul edir. Onun sağlamlığında olan problemlər daha dərinləşib. Həbsxanaya daxil olanda 125 kiloqram olan Famil 31 kiloqramadək çəki tirib, hazırda 91 kiloqarmdır”, vəkil qeyd edib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb. Məhkəmə iclası sentyabrın 26-da davam etdiriləcək.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.
Forum