Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Bəhruz Səmədovun azad edilməsinə çağırır


Bəhruz Səmədov
Bəhruz Səmədov

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini həbsdə olan tədqiqatçı, hökuməti tənqid edən məqalələri və müharibə əleyhinə mövqeyi ilə tanınan Bəhruz Səmədovu dərhal azad etməyə çağırıb.

Avqustun 23-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur. Səmədov ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.

“Azərbaycanda repressiyaların daha çox jurnalist, fəal və akademiki əhatə etməklə genişləndiyi bir vaxtda, Bəhruz Səmədovun Ermənistanla davam edən münaqişə zamanı Azərbaycanda avtoritarizmi və militarizmi kəskin tənqid etməsi onun həbsində əsas rol oynayıb”, Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said qeyd edib.

Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb, onun yaşadığı evdə axtarış aparılıb.

Səmədovun vəkili Zibeydə Sadıqova CPJ-yə bildirib ki, hakimiyyət Səmədovu Ermənistana qeyri-müəyyən məlumat ötürməkdə ittiham edir.

Azərbaycanın hökumətyönlü mediası Səmədovun müharibə əleyhinə fəallığını pisləyən və onu “anti-Azərbaycan” Eurasianet xəbər portalı üçün “təxribatçı” məqalələr yazmaqda ittiham edən materiallar yayıb.

Səmədovun dostu Rüstəm İsmayılbəyli CPJ-yə bildirib ki, Səmədovun tanınmış sülh tərəfdarı olduğu üçün, həm də Azərbaycanda militarizmi və avtoritarizmi tənqid edən yazılarına görə hədəf alındığını düşünür.

“Tənqid dövlətə xəyanətə bərabər deyil. Azərbaycan hakimiyyəti Səmədova qarşı ittihamlara xitam verməli və müxalifətin səslərinə qarşı artan təzyiqləri dayandırmalıdır”, Gülnoz Said vurğulayıb.

CPJ həmçinin Səmədovun işi ilə bağlı sülh fəalı Səməd Şıxının və müstəqil tədqiqatçı Cavid Ağanın saxlanılaraq dindirilməsi, onlara qarşı səhayət qadağasının tətbiq edilməsi barədə qeyd edib.

Bu günədək çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, beynəlxalq akademik icmanın üzvləri, habelə ABŞ Dövlət DepartamentiAvropa İttifaqı Bəhruz Səmədovun, həmçinin digər jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini ədalətsiz yerə həbs olunanların hamısını azad etməyə çağırıblar.

Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.

Forum

XS
SM
MD
LG