Sentyabrın 19-da Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə mahiyyəti üzrə baxılmasına başlanılıb.
Your browser doesn’t support HTML5
Müdafiə tərəfi ittihamın əsassız olduğu haqqında vəsatət və Kərimlinin ittiham olunduğu hərəkətləri törətmədiyi haqqında dəlillər təqdim edib.
İddiaçı etiraz edərək, vəsatətin "elektron məhkəmə" portalında onun "şəxsi kabinetində" yerləşdirilmədiyini bildirib.
Bununla əlaqədar olaraq hakim ərizəçinin vəsatətlə tanış ola bilməsi üçün iclası oktyabrın 14-nə qədər təxirə salmağa qərar verib.
Xatırladaq ki, fərdi ərizəçi Əliyev Kərimlini Azərbaycan Cinatyət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.
İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etməsi haqqında şərhini "böhtan" adlandırır.
Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb".
Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi ilə" məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı "absurd məhkəmə təqiblərini" dərhal dayandırmağı tələb edir.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.