İranın Qərbi Azərbaycan vilayətində şagirdlərin təxminən 10 faizi bu il yeni tədris ilinin əvvəlində məktəbə qeydiyyatdan keçməyib.
İran mətbuatında verilən məlumata görə, Qərbi Azərbaycan Valiliyinin Sosial və Mədəni İşlər şöbəsi vilayətdə şagirdlərin təxminən 10 faizinin məktəbi tərk etdiyini açıqlayıb. Bu göstərici ilə vilayət təhsildən kənarda qalan şagirdlərin sayına görə ölkədə ikinci yerdədir. Ən yüksək göstərici isə Sistan və Bəlucistan vilayətində qeydə alınıb.
Qərbi Azərbaycan Valiliyinin Sosial və Mədəni İşlər İdarəsinin müdiri Əfşar Kəbiri vilayətdə şagirdlərin 9,82 faizinin təhsildən kənarda qaldığını bildirib.
2022-ci ilin sentyabrında Qərbi Azərbaycanın valisi Məhəmməd Sadiq Mötəmedian vilayətdə 20 min şagirdin məktəbi tərk etdiyini açıqlamışdı. Tədris ilinin əvvəlində Təhsil İdarəsinin baş direktoru isə məktəblərə 686 min şagirdin qəbul edildiyini bildirmişdi. Ötən il təhsil müdiri Əli Motahari şagirdlərin ümumi sayını 700 min olaraq qeyd etmişdi. Bu rəqəmlərə əsasən, vilayətdə təhsildən kənarda qalan şagirdlərin 9,82 faizi təxminən 69 min nəfər təşkil edir.
Yeni statistikaya əsasən, son iki illə müqayisədə məktəbdən kənarda qalan şagirdlərin sayı xeyli artıb.
Əfşar Kəbiri həmçinin qeyd edib ki, bu il ölkə üzrə məktəbi tərk edən şagirdlərin ümumi sayı 1 milyon 662 min nəfərə çatıb. Bu rəqəm digər mənbələrin statistikasından fərqlənir.
Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran parlamentinin Təhsil Komissiyasının sədr müavini Seyid Məhəmməd Moləvi ötən ilin iyulunda məktəbdən kənarda qalan şagirlərin sayının 911 min, o cümlədən 400 mininin ibtidai sinif şagirdi olduğunu açıqlayıb.
Ölkədə təhsildən yayınma statistikasında ziddiyyətlər və qeyri-müəyyənliklər olsa da, Qərbi Azərbaycan valiliyinin statistik göstəriciləri digər səlahiyyətli orqanlar tərəfindən verilən başqa statistik göstəricilərlə müqayisədə çox yüksəkdir.
SEE ALSO: İranın sərhəd vilayətlərinin çoxunda təhsil səviyyəsi aşağıdırBəzi statistik araşdırmalar göstərir ki, İranın əsasən etnik və dil baxımından üstünlük təşkil etdiyi əhalinin məskunlaşdığı mərkəzi vilayətlərində təhsildən yayınma halları etnik azlıqların yaşadığı sərhəd vilayətləri ilə müqayisədə aşağıdır. Bunun fərq müxtəlif iqtisadi və sosial sahələrdə struktur fərqləri və təhsil resurslarına çıxışdan qaynaqlana bildiyi ehtimal edilir. Təhsildən yayınmağa təsir edən ən mühüm amillərdən biri ailələrin dolanışıq və iqtisadi vəziyyəti ilə bağlıdır. Sərhəd bölgələrində, xüsusən də kənd yerlərində türk, bəluc, kürd və ərəblər kimi etnik azlıqların yaşadığı vilayətlərdə pis iqtisadi şərait və təhsil xidmətlərinə kifayət qədər çıxış imkanlarının olmaması daha çox uşağın məktəbi tərk etməsinə və ya heç məktəbə getməməsinə səbəb olur.