Accessibility links

Qərbi Azərbaycan vilayəti ən çox şagirdin təhsildən yayındığı vilayətlər sırasındadır


Qərbi Azərbaycanda bir vaqon məktəb
Qərbi Azərbaycanda bir vaqon məktəb

Son tədris ilində məktəbi tərk edənlərin sayı müvafiq olaraq Sistan və Bəluçistan, Rəzəvi Xorasan, Xuzistan, Qərbi Azərbaycan və Kerman vilayətlərində qeydə alınıb.

2021-2022 tədris ilinə aid olan statistikaya görə, 6-17 yaş qrupunda 911 min 272 uşaq təhsildən yayınıb, 279 min şagird də təhsilini yarımçıq qoyub. İran mediası Məclis Araşdırmalar Mərkəzinin hesabatına istinadən, son 6 ildə təhsildən yayınan şagirdlərin sayında 17% artım olduğunu bildirib.

Qərbi Azərbaycan vilayəti Təhsil İdarəsinin ibtidai təhsil üzrə müavini Mirsadıq Cameinin İRNA xəbər agentliyinə verdiyi məlumata görə, vilayətdə məktəbdən kənarda qalan və ibtidai siniflərdə təhsilini yarımçıq qoyan cəmi 6 min 530 uşaq var. Onun sözlərinə görə, yoxsulluq və kənd yerlərində məktəblərin olmaması ailələrin bu vilayətdə övladlarının təhsilini davam etdirmək istəməməsinin səbəbləri arasındadır.

Ölkədə məktəbi tərk edənlərin sayının artmasının əsas səbəblərindən biri çətin məişət və iqtisadi şəraitdir. Koronavirus pandemiyası, məktəblərin bağlanması və ölkədə tədrisin virtuallaşdırılması mobil telefon, tablet və internetə çıxış imkanı olmayan ailələrin uşaqlarının təhsilini dayandırmasına və ya məktəbi tərk etməsinə səbəb olub. 2018-2019-cu tədris ilində təhsildən yayınma statistikası koronavirus pandemiyasından dolayı və təhsilin virtuallaşdırılması səbəbindən birdən-birə yüksələrək 33,4% olub.

Hökumət təhsildən kənarda qalan şagirdlərin məktəblərə qaytarılması üçün səylər göstərir, lakin 2015-2019-cu illərə aid açıqlanan statistik məlumatlara görə, cəmi 178 min 238 şagird təhsil almaq üçün məktəbə qayıdıb ki, bu da təhsildən yayınan tələbələrin toplam sayının 5%-dən azdır.

Ümumiyyətlə, təhsildən yayınan şagirdlər ailənin dolanışığına yardımçı olmaq üçün işləyir. Bu isə sosial problemə çevrilən uşaq yaşlarında işləməyə başlayanların sayının artmasına səbəb olur.

Ölkədə təhsilin vəziyyəti həm tələbələri, həm də müəllimləri qane etmir. İranda son illər məişət çətinliyi problemlərinə görə davamlı etiraz aksiyaları keçirən təbəqələrdən biri də müəllimlər olub.

Ölkədəki dövlət ümumtəhsil məktəblərində tədris şəraiti də ürəkaçan deyil. Belə ki, ölkədə 18 min 700 sinif otaqlarının hər birində 40-dan çox şagird təhsil alır ki, bu da məktəb binası çatışmazlığını göstərir. Buna baxmayaraq, prezident İbrahim Rəisi hökumətinin builki büdcə qanun layihəsində yeni məktəblər üçün ayrılmış tikinti kreditləri əvvəlki illərlə müqayisədə 31% daha az nəzərdə tutulub.

XS
SM
MD
LG