MSK bəzi məntəqələrdə nəticələri etibarsız sayıb, digərlərini isə qüvvədə saxlayıb

Seçki qutusu

Azərbaycan Mərkəzi Seçki Komissiyası 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələri etibarsız sayıb.

Məlumata görə, Mərkəzi Seçki Komissiyasının sentyabrın 13-də keçirilən iclasında 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aydın Əbilovun, 22 saylı Nəsimi-Yasamal seçki Dairəsindən qeydə alınan namizəd Cahandar İsmayılovun (Bayoğlu), 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizəd Sərdar İsmayılovun və 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciətlərinə baxılıb.

21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti üzrə isə bir məntəqədə - 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayılıb. Bu məntəqə xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin müraciəti ilə əlaqədar 3, 4, 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb. Bu 3 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

86 saylı Ağcabədi Seçki Dairəsindən Ağ Partiyanın namizədi Cavid Hacıbəylinin müraciətlərinə baxılıb.

Bundan əlavə növbədənkənar parlament seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Mustafa Hacılının müraciətinə baxılıb.

MSK Dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddialarla razılaşmır, ölkədə keçirilən seçkiləri şəffaf adlandırır.