Azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə, 6 aylıq həbs cəzasından sonra, cümə axşamı, sentyabrın 5-də Təbriz Mərkəzi Həbsxanasından azad edilib.
Amerikanın Səsinə verilən məlumata görə, İsmayılzadə Urmiyə gölünün qorunması ilə bağlı maarifləndirici fəaliyyətlərinə görə həbs olunmuş və həbsdə olduğu müddətdə ciddi fiziki problemlərlə üzləşmişdir. Bildirilir ki, o, həbsxanada müalicə və dərmanlardan məhrum olduğu üçün mədə qanaması keçirib. Evin həbsxanasında saxlanılan fəallara dəstək məqsədilə başlatdığı aclıq aksiyası isə onun vəziyyətini daha da ağırlaşdırıb. Peşəkar idmançı olaraq yaxşı fiziki sağlamlığa malik olan İsmayılzadə, həbsdə lazımi tibbi yardımdan məhrum qalması səbəbindən ciddi çəki itirib və fiziki baxımdan zəifləyib.
Məlumatlara əsasən, sentybarın 5-də azərbaycanlı milli fəallardan ibarət bir qrup İsmayılzadəni qarşılamaya gedib. Lakin təhlükəsizlik qüvvələri onu gizli şəkildə həbsxanadan çıxarıb və birbaşa şəxsi evinə aparıblar.
Azadlığa buraxıldıqdan sonra bir sıra milli fəallar, o cümlədən Yürüş Mehrəlibəyli, İsmayılzadənin evinə gələrək onunla görüşüblər.
Kərim İsmayılzadə, həm ətraf mühitin mühafizəsi, həm də Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyi üçün təhlükəsizlik qüvvələrinin daim təzyiqləri altında olan tanınmış fəallardandır.
Təbriz Həbsxanasının rəhbərliyi həbs müddəti ərzində Kərim İsmayılzadəyə tibbi məzuniyyət verilməsinə icazə verməyib. Yalnız iyunun 25-də, vəziyyəti kəskin pisləşdiyi zaman, qısa müddətlik həbsxanadan kənarda yerləşən xəstəxanaya aparılıb, lakin kifayət qədər müalicə almadan dərhal həbsxanaya qaytarılıb.
İsmayılzadə aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq 6 aylıq həbs cəzasının tətbiqi üçün Təbriz Mərkəzi Həbsxanasına göndərilmişdi.