İctimai fəalı ölkədən xaricə buraxmayıblar

Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)

Sentyabrın 6-da ictimai fəal Nicad İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi İbrahimin ölkədən xaricə çıxışına qadağa qoyub.

Bu barədə Amerikanın Səsinə Nicat İbrahimin özü məlumat verib.

“Ailəmlə birgə Kişinyova gedirik. İndi ailə üzvlərim sərhədi keçib, amma sərhəd xidməti 2020-ci ilin iyunundan mənim ölkədən çıxışıma Daxili İşlər Nazirliyinin “stop” qoyduğunu bildirir. Belə ki, 2020-ci ildə etiraz aksiyası keçirən zaman məni koronovirus yaymaq ittihamı ilə 15 ay həbs etdilər. Həbs müddətim bitdi. Azadlığa buraxıldım. Daxili İşlər Nazirliyinin ölkədən çıxışıma “stop” qərarı qalırdı. Lakin, Səbail Rayon Məhkəməsinə şikayət etdim. Məhkəmə Daxili İşlər Nazirliyinin “stop” qərarını qanunsuz hesab edərək ləğv etdi (O sosial şəbəkələrdə məhkəmənin qərarının fotosurətini yayıb). Ondan sonra mən ölkədən xaricə getdim. Lakin indi yenidən deyirlər Daxili İşlər Nzirliyi “stop” qoyub. Daxili İşlər Nazirliyinə zəng edirəm cavab vermirlər. İndi təyyarəyə minik başlayıb, lakin məni sərhədi keçməyə imkan vermirlər”, o qeyd edib.

Nicat İbrahim ölkədən buraxılmasına “stop” qoyulmasını siyasi sifariş hesab edir.

“Bu mənim ictimai fəaliyyətimlə bağlıdır. Mən qanunsuzluqlara qarşıyam və sosial şəbəkə profillərimdə bunu kəskin tənqid edirəm. Bu səbəbdən 2008-ci ildən başlayaraq təzyiqlərlə qarşı-qarşıyayam. Ölkədən çıxışıma qadağa qoyulması da bununla bağlıdır”, o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyi bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicad İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.