Martın 5-də Bakının Nəsimi rayon Məhkəməsi ictimai fəal Nicad İbrahimi 1 il 3 ay azadlıqdan məhrum edib.
O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.
Nicad İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.
Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.
"Səkkiz aydır həbsdəyəm, ailəm çox pis vəziyyətdədir. Adi qaz yoxdur, mən odun tapıb gətirirdim. Evə qazanc gətirən mən idim. Ailə, iki azyaşlı qız uşağım başsız qalıb," o son sözündə deyib.
Vəkil Zibeydə Sadıqova məhkəmədə sual edib ki, İbrahim COVID-19 daşıyıcısı idisə, tutulandan sonra hansı səbədən iki gün polis idarəsində saxlanılıb, müalicə müəssisəsinə yerləşdirilməyib?
"Nicad İbrahimin tutulmamışdan əvvəl COVID daşıyıcısı olduğunu təsdiqləyən heç bir sübut yoxdur," vəkil qeyd edib.
Vəkil hesab edir ki, hətta Nicat İbrahim koronavirus daşıyıcısı olduğu halda belə ona 1 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilməsi ədalətsizdir. Çünki bu maddədə başqa alternativ cəzalar da var.
Vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.
Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.
İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.