Human Rights Watch: Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı repressiyaları son qoymalıdır

Arxiv fotosu

Human Rights Watch (HRW) təşkilatı Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilənləri azad etməyə və repressiyalara son qoymağa çağırıb.

Noyabr ayında Bakıda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində hökumətin tənqidçilərinə qarşı repressiyaları artırdığını vurğulayan HRW, növbəti hədəfin saxta dövlətə xəyanat ittihamı ilə həbs edilən tədqiqatçı və siyasi şərhçi Bəhruz Səmədovun olduğunu deyib.

HRW iyul ayında digər tədqiqatçı İqbal Əbilovun da dövlətə xəyanət ittihamı ilə həbs edildiyini, Səmədov və Əbilovun həbslərinin Azərbaycanda tənqidi səsləri hədəf alan heyrətləndirici həbslər seriyasının sonuncu nümunələri olduğunu qeyd edib.

“Azərbaycan hakimiyyəti fərqli səslərə qarşı amansız hücumdadır. Səmədov və Əbilovun həbsləri bu repressiyaların son nümunələridir”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya deyib.

O, əlavə edib ki, Azərbaycan hakimiyyətinin müstəqil vətəndaş fəallığına qarşı düşmənçiliyi insan hüquqları müdafiəçilərinin, alimlərin, jurnalistlərin və vətəndaş cəmiyyətinin digər müstəqil üzvlərinin COP29-da məzmunlu şəkildə iştirakı ilə bağlı ciddi narahatlıq doğurur.

Rəsmi Bakının siyasətini tənqid edən məqalələri, müharibə əleyhinə fəallığı ilə tanınan siyasi tədqiqatçı, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb.

Avqustun 23-də Səbail Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

29 yaşlı Səmədov avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində barəsindəki həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasında çıxış edərək ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.

Səmədov bildirib ki, o, açıqlaya biləcəyi heç bir məxfi məlumata malik olmayıb və heç kimin göstərişi ilə hərəkət etməyib. Müharibə və müharibədə insan itkilərinə qarşı olduğunu deyən Səmədov, “sülh məhbusu” olduğunu vurğulayıb.

Apellyasiya Məhkəməsi onun barəsindəki həbs qətimkan tədbirini saxlayıb.

SEE ALSO: Azərbaycanda vətəndaş cəmiyyətinə basqılar - Tarixçi alim Altay Göyüşovla söhbət

Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov isə iyulun 22-də saxlanılıb, dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əbilov ittihamları rədd edib.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

HRW bildirir ki, COP29-adək bir il ərzində Azərbaycan hakimiyyəti 30-dan çox müstəqil jurnalisti, vətəndaş cəmiyyəti fəalını və akademiki qaçaqmalçılıq, qeyri-qanuni sahibkarlıq, çirkli pulların yuyulması və vergidən yayınma kimi müxtəlif saxta cinayət ittihamları ilə həbs edib.

Beynəlxalq hüquq müdafiə təşkilatı hesab edir ki, vətəndaş cəmiyyətinin hərtərəfli iştirakı və qisas qorxusu olmadan açıq müzakirələrin keçirilməsi COP29-da hökumətləri hesaba çəkmək, iddialı və hüquqlara hörmət edən nəticələr əldə etmək üçün vacibdir.

“Azərbaycan haqsız yerə həbs edilənləri azad etməli və repressiyalara son qoymalıdır. Onlar fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin COP29 konfransında, həmçinin, konfransdan əvvəl və sonra məzmunlu şəkildə iştirak etmələrini təmin etməlidirlər”, Giorgi Qogiya əlavə edib.

Son günlərdə, həmçinin, ABŞ Dövlət DepartamentiAvropa İttifaqı Azərbaycanda jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsini narahatlıqla izlədiklərini qeyd edib və rəsmi Bakını fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırıblar.

Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.