Avqustun 19-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəməsi davam etdirilib.
Qasımov “qanunsuz həbsinə” etiraz olaraq 77 gündür aclıq edir. O bu gün aclığı sonadək davam etdirəcəyini bir daha bildirib.
Vəkil Telman Qasımov Amerikanın Səsinə deyib ki, Fazil Qasımova qarşı təzyiqlər var və onun məhkəmədə çıxış üçün hazırladığı mətn Penitensiar Xidmətin Müalicə müəssisəsində əlindən alınıb.
Vəkil məhkəmədə Fazil Qasımova qarşı cinayət işi üzrə Qubad İbadoğlunun şahid qismində dindirılməsi, həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi, cinayət işinə xitam verilməsi, Qasımovun istintaq zamanı çayına psixotrop maddə qatılaraq anlaqsız vəziyyətdə alınan ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib.
Qasımov bildirib ki, məhkəkəmə vəsatətlərin bir qismini təmin etməyib, bir qisminə isə məhkəmə istintaqı başlayan zaman baxılacağını bildirib.
Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.