Həbsdə olan Fazil Qasımov 67 gündür aclığı davam etdirir

Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 67 gündür aclığı davam etdirir. O, “qanunsuz həbsinə” etiraz edir.

Avqustun 19-da Fazil Qasımovla görüşdən sonra vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, aclıq Qasımovu taqətdən salıb.

“O, çox arıqlayıb. Təmiz taqətdən düşüb. Çoxsaylı ağrıları var. Ayaqlarında üyüşmələr var, belində, böyrəklərində, ürəyində sancılar olur. Dəri və sümükdən ibarətdir. Qış paltarı geyinib, təzyiqi o qədər aşağıdır ki, titrəyir. Dedi ki, avuqstun 29-da keçiriləcək məhkmə iclasınadək bəlkə də həyatda olmayacaq”, vəkil qeyd edib.

Rəhimli Fazil Qasımovdan xahiş etməsinə baxmayaraq, o, aclığı sonadək davam etdirəcəyini deyib.

Fazil Qasımovla görüşdən sonra onun qardaşı Nazim Qasımov Amerikanın Səsinə bildirib ki, qardaşı artıq 24 kiloqram çəki itirib.

“Onun çəkisi 67 kiloqramdan 43 kiloqramadək azalıb. O, artıq sərbəst şəkildə gəzə bilmir. Görüşə divardan tuta-tuta gəlmişdi. Qalın qış paltarı geyinmişdi. Yayın istisinə baxmayaraq, bədəni titrəyirdi, çox üşüyürdü. Məndən qalın paltar gətirməyimi xahiş etdi. Səsi demək olar ki, çıxmır. Güclə dedi ki, artıq gücü tükənir, şiddətli ağrıları var. Bildirdi ki, hər şeyə hazır olaq. Onun ölüm xəbərini eşitsəm anamdan uzun müddət gizli saxlayım. Bu sözləri doğma qardaşdan eşitməyin nə qədər ağır olduğunu təsəvvür edin. Hər dəfə bu dediklərini xatırlayanda göz yaşlarıma hakim ola bilmirəm. Çarəsiz qalmışam", o qeyd edib.

Amerikanın Səsinin Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Fazil Qasımovun səhhəti ilə bağlı məlumat alması mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Qasımovun cinayət işi üzrə hazırlıq iclası başlayıb. Növbəti məhkəmə iclası avqustun 29-na təyin edilib.