Şərqi Azərbaycan vilayətinin Sarab şəhərinin Qırax Qızlar kəndində yerləşən qədim kitabə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Mədəni fəallar, bu tarixi kitabənin mədəni irs idarəsi tərəfindən lazımi şəkildə qorunmamasını tənqid edərək, iki min ildən artıq yaşı olan bu qiymətli əsərin məhv olacağı ilə bağlı xəbərdarlıq ediblər.
Yerli xəbər saytları, İranın qədim mədəniyyəti və dilləri üzrə ekspert Dəniz Səmədpura istinad edərək, tarixi abidələrin qaçaqmalçılar tərəfindən zərər görməsi barədə məlumat veriblər. Ekspert həmçinin bu kitabənin ərazisində aparılan qanunsuz qazıntılar haqqında bu qədim tarixi əsərlə bağlı vəziyyəti "acı və fəlakətli" kimi qiymətləndirib.
Mixi yazı ilə yazılmış bu kitabə, İranın Mədəni İrs İdarəsinin məlumatına görə, eramızdan əvvəl 8-ci əsrə aid olan Urartu dövrünə aiddir. 1968-ci ildə İranın milli əsərləri siyahısına daxil edilmiş bu kitabə, Urartu dilində yazılmışdır və 106 sm uzunluqda, 75 sm enindədir və 13 sətirdən ibarətdir.
ISNA xəbər agentliyinin verdiyi məlumata görə, daş kitabə ilə yanaşı, onun ətrafında yerləşən digər daş abidələr də mövcuddur. Bu kitabənin ətrafında Urartu kralı II Argiştinin fəth etdiyi və yandırdığı məbədin və qalanın qalıqları mövcud olub. Bu ərazidə olan menhirlər haqqında yerli əhali müxtəlif rəvayətlər danışırlar. Lakin arxeoloqlar bu menhirləri tarixi məbədə aid hesab edirlər. Qaçaqmalçılar tərəfindən bu ərazidə aparılan qazıntılar və mühafizə tədbirlərinin görülməməsi səbəbindən bu menhirlər də ciddi ziyan görüb.
Sarab şəhərinin milli-mədəni fəalları dəfələrlə bu kənddəki tarixi abidələrin qorunmaması ilə bağlı narazılıqlarını bildirsələr də, lazımi tədbirlər görülməyib. II Argişti dövrünə aid olan bu kitabədən başqa, Razlıq kəndində də başqa bir daş kitabə mövcuddur ki, onun da qorunmaması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.