Tarix üzrə bir neçə kitabın müəllifi doktor Tohid Məlikzadə Şərqi Azərbaycan vilayətinin Vərziqan rayonunda yerləşən Qoşadaş tarixi abidəsinin məhv olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Məlikzadə öz Telegram sosial şəbəkəsində yerləşdirdiyi yazıda "12 min illik Qoşadaş tarixi abidəsinin məhv olma ehtimalı" ilə bağlı xəbərdarlıq edərək, Vərziqanın mis mədənində fəaliyyətlərin "bu abidəni ciddi təhlükə ilə üz üzə buraxdığını" bildirib.
Süngün mis mədəninin qazma işlərinin genişlənməsinə diqqət çəkən alim yazıb: "Azərbaycan tarixini və mədəniyyətini sevənlər hərəkətə keçmədikləri halda bəlkə bir daha kimsə bu dağdan bir əsər görməyəcək. Ya bu tarixi abidəni saxlayan qaya dağıdılıb mis zavoduna veriləcək ya da dinamit partlaması ilə məhv ediləcək."
Tohid Məlikzadə həmçinin Qoşadaş tarixi abidəsinin motivlərinin Bakının Qobustan rayonundakı abidə ilə bənzərlikləri olduğu və Azərbaycan Respublikasında o tarixi abidənin dövlət tərəfindən qorunduğu barədə yazıb və bunu Qoşadaş abidəsinin durumu ilə müqayisə edib.
Qoşadaş abidəsi 2007-ci ildə İranın milli abidələr siyahısına salınsa da, hal-hazırda bu tarixi abidənin vəziyyəti İran Azərbaycanında mədəniyyət və tarix sevənləri narahat edir. Abidədə təsvir olmuş motivlər insan və heyvan rəqslərini əks etdirir.