1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımovla bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb. Hazırda Fazil Qasımov və vəkilləri 7 cildlik cinayət işi ilə tanış olur. Bununla yanaşı, prokurorluq doktorantın işgəncəyə məquz qalması ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.
Onun sözlərinə görə, Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Hazırda Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, o qeyd edib.
Vəkil Fazil Qasımovun 35 gündür aclığı davam etdirdiyini bildirib.
“O, artıq təcridxananın sanitar-tibb hissəsinə köçürülüb. Qasımovun təhlükəsizliyi ilə bağlı nəzarət də var”, vəkil bildirib.
Vəkilin sözlərinə görə, Bakı Şəhər Prokurorluğunda Fazil Qasımovun istintaq dövründə işgəncəyə məruz qalması üzrə araşdırma başlanılıb.
“Bu gün, iyulun 19-da Bakı Şəhər Prokurorluğunun əməkdaşı istintaq təcridxanasında Fazil Qasımovdan istintaq dövründə işgəncəyə məruz qalması ilə bağlı izahat alıb. Məhkəmə-tibb ekspertizasının əməkdaşı da təcridxanaya gəlib, Qasımovun tibbi kartoçkasını götürüb”, o qeyd edib.
Bu gün Fazil Qasımovun anası və qardaşı da təcridxanada onunla görüşüb.
“Görüşümüzə məhdudiyyət qoyulmadı. Anam və mən ona yalvardıq ki, aclığı dayandırsın. O, inadından dönmədi. Dedi ki, heç bir günahı yoxdur, ya aclından öləcək, ya da bəraət alacaq. Fazilin bu durumu ürəyimizi parçalayır. O, çox arıqlayıb, çəkisi 53 kiloqrama (təcridxanaya daxil olanda 67 kiloqram olub) düşüb. Bədəni sanki quruyub. Ayaq üstə müvazinətini saxlaya bilmir. Səsi güclə çıxır, sözü sonadək deməyə nəfəsi çatmır. Onu ayrı kamerada saxlayırlar, yanında daimi nəzarətçi durur. Dedi ki, həkimə ehtiyac duyanda çağırır, həkim gəlir”, Fazil Qasımovun qardaşı Nazim Qasımov Amerikanın Səsinə detib.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.