1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 28 gündür aclığı davam etdirir. O, iyunun 14-də həbsinə etiraz olaraq aclığa başladığını bəyan edib və bu gün vəkilinə aclığı sonadək davam etdirəcəyini bildirib.
Bu barədə iyulun 11-də onunla görüşdən sonra vəkil Telman Qasımov Amerikanın Səsinə deyib.
“Fazillə görüşümüz oldu. O, aclığı davam etdirir və sonadək iradından dönməyəcəyini bildirdi. Fazil çox zəif idi, kifayət qədər çox çəki itirib”, o qeyd edib.
Bu arada vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, müstəntiq onun hüquqlarını müdafiə etdiyi Fazil Qasımovla görüşünə hələ icazə verməyib.
“Müstəntiq deyib ki, icazə verəcək. Ancaq o indi telefonunu qaldırmır. Bu barədə Vəkillər Kollegiyasına müraciət etmişəm. Müdafiə etdiyim şəxs 28 gündür aclıq edir, səhhəti çox ağırdır. Onun müalicəyə ciddi ehtiyacı var”, vəkil qeyd edib.
Rəhimli bildirib ki, Fazil Qasımovun səhhətinin həkim nəzarətində saxlanılması üçün Penirtensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə ciddi ehtiyac var.
“Bununla bağlı Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Ombudsmana müraciət etmişəm. Ombudsman Aparatı iyulun 9-da müraciətimə cavabında bildirib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Cəmil Kamilliyə Fazil Qasımovun müalicə məssisəsinə göndərilməsi, müayinə və müalicəsinin təşkilinə köməklik göstərilməsi üçün məktub göndərilib. Amma təəssüf ki, hələ də Fazil Qasımov müalicə müəssisəsinə köçürülməyib. O, ümumi kamerada saxlanılır. Həkim isə yalnız onun qan təzyiqini ölçür. Fazil Qasımov hazırda ancaq su qəbul edir, hətta mədəsinin xəstə olmasına baxmayaraq dərmanlarının qəbulundan imtina edib”, vəkil Amerikanın Səsinə deyib.
Bununla yanaşı, Fazil Qasımovun qardaşı Nazim Qasımov iyulun 9-da Amerikanın Səsi vasitəsi ilə ictimaiyyətə müraciət edərək qardaşını ölümdən xilas etməyə çağırıb.
“Bizim ailə istənilən qurumu, istənilən şəxsi, həmçinin beynəlxalq təşkilatları, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsini qardaşımı ölümün pəncəsindən almaq üçün kömək etməyə çağırır. Bundan öncə Azərbaycan Prezidentinin Administrasiyasına, baş prokurora, daxili işlər nazirinə müraciət edərək qardaşımın azadlığa çıxması üçün kömək etmələrini xahiş etmişik. Onlardan bir reaksiya yoxdur. Yalnız yazırlar ki, məktubunuz çatıb”, Nazim Qasımov deyib.
Məhkəmələr vəkillərin Qasımov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərini təmin etməyib.
Öz növbəsində, Ombudsman Aparatı, Penitensiar Xidmət və Ədliyyyə Nazirliyi Amerikanın Səsinin Fazil Qasımovun sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan iqtisadçı alim Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Qasımov həmçinin həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə müraciət edib.
“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına etiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Universitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.
O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.