Vedant Patel: Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, Dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, Dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı ənənəvi brifinqdə Turan agentliyinin sualına cavab verərkən bildirib.

“Cənubi Qafqazdakı məsələyə dair geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, Dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər”, Vedant Patel qeyd edib.

İyunun 28-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib ki, ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.

"Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", o deyib.

Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.

Öz növbəsində ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci sammitinin yaxınlaşdığı bir vaxtda Cənubi Qafqazın strateji əhəmiyyətə malik region olaraq qalması, Rusiyanın və qlobal güclərin bu regiona təsiri və maraqları barədə suala cavabında bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkanı var.

Antoni Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub.