Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycan hökumətinin növbəti aylar ərzində beynəlxalq öhdəliklərinə sadiq qalacağına, bu istiqamətdə həqiqi niyyətinin olduğunu göstərəcəyinə ümid etdiyini bildirib.
“Parlament Assambleyası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı qərar verərkən kifayət qədər aydın idi. Assambleya qeyd etmişdi ki, əgər Azərbaycan siyasi məhbusları azad edərsə, insan hüquqları, demokratiya və qanunun aliliyinə dair vəziyyətin yaxşılaşdırılması istiqamətində aydın istək göstərərsə, onlar geri dönə bilərlər. Təəssüf ki, bunun əksi baş verir, daha çox jurnalist və hüquq müdafiəçiləri həbs edilib”, həmməruzəçi Amerikanın Səsinə deyib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.
AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.
“Onların bu təşkilatın dəyərlərinə qarşı provokativ addımlarını görmək olduqca qəribədir”, Kristoffersen yanvar ayından bəri daha çox jurnalistin və fəalın həbsinə toxunaraq əlavə edib.
“Bu, sadəcə təəssüfləndiricidir. Mən müəyyən təkmilləşmənin olacağına, onları geri dəvət edə biləcəyimizə ümid edirdim. Bu halda biz Azərbaycan üzrə hesabatı müzakirə edə, qərarlar verə, Azərbaycanın Avropa Şurası üzvü kimi öhdəliklərini vurğulaya bilərdik. Ancaq nə qədər ki, Azərbaycanın nümayəndə heyəti Parlament Assambleyasında deyil, biz hesabatı müzakirə edə bilmirik. Beləliklə, hazırda qeyri-müəyyən vəziyyət mövcuddur”, norveçli deputat bildirib.
Azərbaycanın nümayəndə heyəti hələ yanvar ayında səlahiyyətlərinin təsdiqlənməməsini Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
AŞPA həmməruzəçisi bildirib ki, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi məsələsi gələn ilin yanvar ayında normal prosedur üzrə yenidən müzakirə ediləcək.
“Ümid edirəm onlar önümüzdəki aylardan, yanvar ayınadək olan zamandan istifadə edəcək və öhdəliklərinə sadiq qalacaqlarına dair həqiqi niyyətlərinin olduğunu göstərəcəklər”, Liz Kristoffersen deyib.
O həmçinin əlavə edib ki, Azərbaycanda və bir sıra digər ölkələrdə siyasi məhbuslar məsələsini payız aylarında Norveç parlamentində də müzakirə edəcək, Norveç hökumətinin bu istiqamətdə ata biləcəyi addımları nəzərdən keçirəcəklər.