Accessibility links

İsveçrənin keçmiş prezidenti Avropa Şurasının yeni baş katibi seçilib


Alen Berse sentyabr ayından Avropa Şurasının baş katibi vəzifəsini icra etməyə başlayacaq.
Alen Berse sentyabr ayından Avropa Şurasının baş katibi vəzifəsini icra etməyə başlayacaq.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 25-də keçirdiyi seçki ilə isveçrəli siyasətçi Alen Berseni Avropa Şurasının növbəti baş katibi seçib.

2018 və 2023-cü illərdə İsveçrə Konfederasiyasının prezidenti olan Alen Berse seçkilərin ikinci turunda 114 səslə rəqibləri estoniyalı İndrek Saar və belçikalı Didye Reyndersi qabaqlayıb. Saar və Reynders müvafiq olaraq 85 və 46 səs toplayıb.

Alen Berse baş katibliyi dönəmində əsas prioritetlərinin Ukraynaya dəstək, Rusiyanın işğalçı müharibəyə görə məsuliyyətə cəlb edilməsi və demokratik geriləmə ilə mübarizənin olacağını qeyd edib.

Azərbaycanın AŞPA-da iştirakının dondurulması və Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə də toxunan Alen Berse bu məsələlərlə yaxından məşğul olacağını deyib.

“Tamamilə aydındır ki, biz bu problemi həll etməliyik. Faktiki vəziyyətdə bunu etmək çox çətin olsa belə, hesab edirəm ki, bu təşkilat dialoqu inkişaf etdirmək, həll yollarını axtarmaq üçün çox vacib məkandır. Sizə deyə bilərəm ki, Avropa Şurasının bütün qurumları, o cümlədən AŞPA, Nazirlər Komitəsi və bütün üzv dövlətlərlə birgə bu məsələ ilə məşğul olacağam. Çünki bizim gücümüz bir yerdə olmaq və AŞ daxilində mövcud problemləri həll etməkdir”, Berse vurğulayıb.

Avropa Şurasının hazırkı baş katibi xorvatiyalı Mariya Peyçinoviç Buriç sentyabr ayında səlahiyyətini başa vurduqdan sonra Alen Berse baş katiblik vəzifəsini icra etməyə başlayacaq.

AŞPA-nın yanvar ayında baş tutan qış sessiyasında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Forum

XS
SM
MD
LG