Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.
Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.
Belə ki, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə uyğun olaraq Milli Məclis ölkə prezidentinə müraciət edib.
İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.
Hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyasının üzvü olan 68 deputat var.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.
Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Xatırladaq ki, bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.