ABŞ Dövlət Departamenti Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı problemlərin qaldığını bildirir

ABŞ Dövlət Departamenti 2024-cü il İnsan Alveri Hesabatını təqdim edib.

Dövlət katibi Antoni Blinken bildirib ki, sənəd bütün dünyada hökumətlərin və maraqlı tərəflərin insan alveri ilə mübarizə səylərinin ən əhatəli qiymətləndirilməsini əhatə edir.

“188 ölkədə, o cümlədən ABŞ-da tərəqqini ölçməklə biz prezident Baydenin insan alverinin qarşısını almaq, cinayətkarları təqib etmək və sağ qalanları qorumaq öhdəliyini yerinə yetiririk”, o qeyd edib.

Antoni Blinken deyib ki, dünyada 27 milyon insan əmək və ticari seks sahəsində istismar olunur.

“Onları güclə, yalanla və məcburiyyətlə tarlalarda və fabriklərdə, restoranlarda və çoxmənzilli evlərdə işləməyə vadar edirlər. Qurbanlar dünyada ən həssas insanlardır”.

Blinkenin sözlərinə görə, son 20 il ərzində Dövlət Departamenti 90-dan çox ölkədən 170-dən çox insan ləyaqəti müdafiəçisini - sağ qalanları, hökumət rəhbərlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hüquqşünasları, sosial işçiləri mükafatlandırıb. Onların bir çoxu qurbanları dəstəkləmək və hekayələrini bölüşmək üçün öz təhlükəsizliklərini riskə atıblar.

Azərbaycan ardıcıl olaraq üçüncü ildir Dövlət Departamentinin insan alveri hesabatında "səviyyə 2"dədir.

Hesabatın Azərbaycan bölməsində deyilir ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üçün minimum standartlara tam cavab vermir, lakin bunun üçün ciddi səylər göstərir.

“Hökumət əvvəlki hesabat dövrü ilə müqayisədə ümumilikdə artan səylər nümayiş etdirir, buna görə də Azərbaycan 2-ci səviyyədə qalır”.

Sənəddə qeyd edilir ki, Azərbaycan hökumətinin səylərinə insan alveri ilə məşğul olan bütün şəxslərin əvvəlki illərdən daha yaxşı şəkildə həbs cəzasına məhkum edilməsi və koordinasiya mexanizmlərinin toplanması daxildir.

“Hökumət Daxili İşlər Nazirliyinin (DİN) idarə etdiyi sığınacaqlar və Qurbanlara Yardım Mərkəzləri (VAC) vasitəsilə qurbanlara güclü xidmətlər göstərməkdə davam edir və qurbanların müdafiəsi üçün, o cümlədən QHT-lərə ümumi maliyyəni artırıb. Hökumət insan alveri qurbanlarına xidmət göstərə bilən bir neçə QHT ilə memorandum imzalayıb və insan alverinə qarşı müxtəlif səylər üçün QHT-lərə vəsait ayırır. Bununla belə, hökumət bir neçə əsas sahədə minimum standartlara cavab vermir. Hakimiyyət orqanları çox vaxt psixoloji məcburiyyəti təsir vasitəsi kimi qəbul etmir və ya insan alveri üçün transmilli element tələb edir və cinayət təqibində səyləri həyata keçirmir. Hökumət xüsusilə həssas əhali arasında daxili insan alveri qurbanları üçün əhəmiyyətli və fəal dəqiqləşdirmə səyləri etmir. Bütövlükdə hökumətin maliyyələşdirməsi hələ də QHT-lər tərəfindən idarə olunan sığınacaqlar üçün kifayət deyil”, sənəddə qeyd edilir.

Hüquq müdafiəçisi Dilarə Əfəndiyeva Amerikanın Səsinə bildirib ki, hesabat reallığı əks etdirir.

“Azərbaycanda insanların qurbana çevrilməsinin əsas səbəbləri kimi hələ də işsizlik və gəlirlərinin az olması qalır. Bununla yanaşı insanların təhsil səviyyəsinin aşağı olması, qanunvericilikdəki boşluqlar, azad məhkəmələrin olmaması və ictimai nəzarətin kifayət qədər olmaması insan alveri hallarına yol açan səbəblərdir”.

Hüquq müdafiəçisi hesab edir ki, son illər Azərbaycanda insan alveri qurbanlarının sayı azalmaqda davam edir.

“İnsan alveri qurbanlarının sayı əvvəlki illərə nisbətən azalıb. Bunun səbəbi kimi bu sahədə fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının fəaliyyətini göstərmək olar. Həmçinin dövlət orqanları da bu sahədə fəaliyyətini genişləndirib və maarifləndirmə işləri aparırlar. Həmçinin ölkədə insan alverinə qarşı mübarizə aparan dövlət qurumlarının təsir dairələri də genişləndirilib,” Əfəndiyeva bildirib.