Sina Mirzayi: Yola çıxarkən müəyyənləşdirdiyi prinsipləri unudan ictimai hərəkatlar dağıla bilər

Sina Mirzayi, politoloq

Politoloq və siyasi fəal Sina Mirzayi Amerikanın Səsi ilə söhbətində ictimai hərəkatlarda prinsiplər və etik qaydaların əhəmiyyəti və bu qaydaların həyata keçirilməsi üçün gərəkli mexanizmlər haqqında danışıb.

Your browser doesn’t support HTML5

Sina Mirzayi: Yola çıxarkən müəyyənləşdirdiyi prinsipləri unudan ictimai hərəkatlar dağıla bilər

Sina Mirzayinin sözlərinə görə, “yola çıxarkən müəyyənləşdirdiyi prinsiplər və etik qaydaları kənara qoyan sosial hərəkatlar tədricən dağılıb və məhv ola bilərlər”. O, tarix boyu həmin səbəblə dağılan sosial hərəkat nümunələrinin olduğunu vurğulayıb.

“Sosial hərəkatlar əslində bir şikayət bir narazıçılıqla ortaya çıxırlar. Bu narazıçılığın da təbii ki leqal yollarla, hakimiyyətin bəlli etdiyi yollarla əldə edilə bilməyəcəyi, o sistemlə çözülməyəcəyi üçün o hakimiyyətə [qarşı] bir şikayətlə ortaya çıxırlar. Bu şikayəti də sosial hərəkatların necə çərçivələdikləri və buna necə prinsip çəkdikləri çox önəmlidir. Sosial hərəkatlar gəlir bu çərçivənin əsasında bir söyləm yaradır və o söyləm də teori və çərçivə əsasında prinsiplər və etik normaları özü şəkilləndirir,” politoloq söyləyir.

Mirzayinin fikrincə, sosial hərəkatların diskursu ortaya qoyduqları şikayət və etiraza uyğun olaraq formalaşmalıdır.

“Məsələn, irqçiliyə uğrayan, irqçilikdən şikayət edən, şovinizmdən şikayət edən, mərkəzi siyasətdən, müstəmləkəçilkdən şikayət edən, patriarxal bir sistemdən şikayət edən bir sosial hərəkatın normaları və etik çərçivələri də o etdiyi şikayətlər əsasında şəkillənir,” o bildirib.

Politoloq ictimai hərəkatlar ilə çoxpartiyalı sistemlərdə qurulan siyasi partiyalar arasında etik qaydalar və prinsipləri həyata keçirən mexanizmlər baxımından ciddi fərqlər olduğunu önə çəkib.

SEE ALSO: Sina Mirzayi: Bu assimilyasiya sistemi ilə mübarizə üçün türk dilində daha çox yazıb və məzmun yaratmalıyıq

“Sosial hərəkat təbii ki bu etik çərçivəni qorumaq üçün bir partiya kimi hərəkət etmir. Partiyanın iç tüzüyü (daxili nizamnaməsi) var. Partiya maaş və bəlkə imtiyaz verir. Təbii ki, istədiyi zaman o normalardan o prinsiplərdən kənara çıxan bir üzvü qova da bilir və cəzalandıra bilir. Bu məsələ sosial hərəkatlar üçün fərqlidir. Xüsusən, sosial medianın ortaya çıxdığı bu dövrdə prinsiplərə qarşı duran birini cəzalandırmaq rahat deyil. Hərəkatdan qovmaq olmaz, çünki, gedər sosial mediada özünə hərəkət edər, özünü lider tanıdar, özünü hərəkatın təmsilçisi kimi təqdim edər... Onun üçün bu etik normaların necə bərqərar edilməsi inanıram ki, söyləmdən, diskursdan asılıdır. O söyləmə nə qədər bağlılıq var və o şikayət nə qədər gözəl çərçivələnib? Yəni, belə ki, sosial hərəkat dağınıq və paradoksal bir söyləmə sahib olmasın,” o deyib.

Sina Mirzayi prinsiplər və normalara bağlı qalmayan sosial hərəkatların dağıla biləcəklərini istisna etməyərək, tarix boyu buna misalların mövcud olduğunu vurğulayıb.

SEE ALSO: Ural Hatəmi: İranda mərkəzi hökumət siyasi hərəkatların intellektual təməllərini boşaltmaq istəyir

“Tarix boyu nümunələrini görmüşük ki, necə bəzi sosial hərəkatlar öz etik qaydalarını öz mexanizmləri ilə bərqərar edirlər, və ya necə digərləri bunu bacarmayıb və aradan gedirlər. Bir çox sosial hərəkatın dağılmasının səbəbi də elə dağınıq bir söyləmlə ortaya çıxmalarıdır. Yəni, belə inanırlar ki, hərəkatı davam etdirmək üçün hərkəsə söykənməlidirlər. İranda 2022 etirazlarında da belə bir anlayış oldu ki, mərkəz ilə kənar birləşməlidir, marginallaşdırılmış kəsim müxalifi olduğu patriarxal struktur ilə birləşməlidir. Nəticə nə oldu? Elə bir dağınıqlıq oldu ki, bir çərçivə yaranmadığı üçün prinsiplər bəlli olmadı. Söyləm və yol xəritəsi bəlli olmadı ki, kim nə istəyir? Dağınıqlıq nəyə səbəb olur? Səbəb olur ki, məsələn avtokrat bir dövlət gəlir onun gözündə leqal olmayan bir sosial hərəkatın dağınıqlığından istifadə edib iki parça isə min parçaya ayırmağa, bir-birləri ilə toqquşdurmağa çalışır” - deyə, siyasi fəal əlavə edib.