Sosioloq və siyasi fəal Ural Hatəmi Amerikanın Səsi ilə söhbətində deyir ki, İran İslam Cümhuriyyəti kimi dövlətlərə qarşı mücadilə edən siyasi hərəkatlar toplumun həyəcanını yüksəldən inqilab dönəmlərinə gəlmədən intellektual əsasları gücləndirmək üçün lazımi fəaliyyətlər və mübahisələri aparmalıdırlar.
“Son təqribən 6-7 ildə İranda yaşanan etirazlar təbii olaraq İran toplumunu daha da siyasiləşdirdi. Yəni, siyasətzədəliyə düçar etdi. Əsasən İran dövləti kimi dövlətlərin olduğu ölkələrdə toplum aşırı siyasidir. Yəni, hər şeyin siyasi olduğunu görürük və ya hər şeyin siyasi olması üçün fəaliyyətlər görürük. Bunun əsas səbəbi dövlətlərin siyasi kültüründə yatır,” Ural Hatəmi söyləyir.
Onun sözlərinə görə, Məşrutə Hərəkatından bəri İranda siyasi cərəyanlar arasında intellektual səviyyə getdikcə aşağı düşüb:
“Son yüzildəki xalq hərəkətləri və etirazların tarixinə baxdığımız zaman bu günə gəldikcə etirazlarda və ya dövlətə qarşı siyasi fəaliyyətlərdə populizmin artdığını çox rahatlıqla görə bilirik. Məşrutə Hərəkatında çox populizmdən danışa bilmərik. Ondan sonrakı hərəkətlərdə yenə çox populizmdən danışmaq olmaz. Yəni, daha intellektual toplumun təməl və əsas problemləri düşünülmüş və intellektual bir birikimin olduğunu görürük. Bu günə gəldikdə bunun azaldığı açıq bir şəkildə görünür.”
Ural Hatəmi mərkəzi hökumətin siyasi hərəkatların intellektual təməllərini boşaltmaq istədiyini önə çəkir.
O deyir ki, “mənim fikrimcə, mərkəzi hökümətlərin Pəhləvilər və İslam Cümhuriyyətinə qədər bu populizmin artmasında böyük rolları var və birinci rol da bunlarındır. Hər nə qədər etiraz hərəkətlərində populizm artarsa, o qədər hərəkatın davamlılığını təhlükəyə atmış olarıq... Siyasi hərəkatların əsas intellektual düşüncələrə və təməllərə ehtiyacı vardır. Mərkəzi hökümətlər bu hərəkətlərin intellektual təməllərini boşaltmağa çalışırlar. Son illərdə biz bunu açıqca görürük.”
Sosioloqun fikrincə, siyasi hərəkatlar toplumun həyəcanını yüksəldən inqilab dönəmlərinə gəlmədən öncə intellektual əsasları gücləndirmək üçün lazımi fəaliyyətlər və mübahisələri aparmalıdırlar.
“İdeal bir siyasi hərəkat budur ki, mənim görüşümə görə, o həyəcan dönəmlərində taxılıb qalmaya. O dönəmlərdən öncə intellektual plan-proqramları və müzakirələri ola. Belə hərəkətlər uzunmüddətdə daha uğurlu nəticələr ala bilər. Mənə belə gəlir ki, İran İslam Cümhuriyyəti hamısının yox, amma əksər siyasi hərəkətlərin bu özəlliyini onlardan alıb. Yəni, hər şeyi aşırı siyasiləşdirərək intellektual mübahisələrin qarşısını alıb” - deyə, Ural Hatəmi əlavə edir.
Forum