Politoloq və türk dil haqları fəalı Sina Mirzayi Amerikanın Səsinə müsahibədə İran dil və kimlik üzərində inşa edilən iyerarxik sistem və assimilyasiya siyasətini dəyərləndirib. Mirzayinin sözlərinə görə, bu sistemə qarşı mübarizə üçün türk dilində yazıb və məzmun yaradaraq dilin aidiyyət sahəsini genişləndirmək lazımdir.
Son vaxtlar sosial şəbəkələrdə paylaşılan bir neçə video İranda türk ləhcəsi ilə farsca danışmaq və ləhcə ilə danışanların lağa qoyulması kimi mövzuların geniş mübahisəyə açılmasına yol açıb.
Paylaşılan videoların birində həkim olduğu güman edilən bir şəxsin bir uşağa Q hərfini İranda standart qəbul edilən fars şivəsi ilə tələffüz etməyi öyrətdiyi görünür.
Sina Mirzayi deyib ki, "biz özümüzü o videodakı uşağın ailəsinin yerinə qoyduğumuzda, görürük ki, farsca gəlib elə bir mövqeyə yetişib ki, sadəcə bir irtibat mexanizmi olmaqla qalmır. Bu durumda, ailə düşünür ki, uşağı daha çox imkana sahib ola bilmək və daha uğurlu olmaq üçün İranda gərək farslar kimi yaşaya, gərək öz dilindən və kimliyindən qopa ki, başarılı ola."
Politoloqun sözlərinə görə, bu hadisə eyni zamanda İranda mədəniyyətlər və kimliklər arasında bir iyerarxiyanın mövcud olduğunu göstərir.
"Bu sistem gəlir bir ailəyə və ya bir doktora elə əks etdirir ki, sanki dili və ləhcəsi bir travmadır və pis bir şeydir. Dil sadəcə bir irtibat məsələsi olmaqdan keçib və sistematik bir iyerarxiyaya dönüb. Bu iyerarxiyanın ən üstündə yerləşən fars dilində danışmaq özünə bir aidiyyət qazanıb. Yəni İranda bəlli bir kəsim kimi danışmasanız, o kəsim kimi davranmasanız bütün çətinliklər sizi tapacaq, bütün travmalar gəlib sizi tapacaq. Bu farsca aidiyyətini o sistem gətirib elə başa qoyub ki, bu, genişləndikcə gəlir o biri dillərin və kültürlərin də aidiyyət sahəsinə keçir. Yəni, bir insan gərək öz aidiyyətindən, öz dil və kültüründən qopa ki, özünü iyerarxiyanın ən başında olan fars kültürünün aidiyyətinə yerləşdirə və onun kimi ola və bu iyerarxiya sisteminin içində özünə bir mövqe tapa bilə," Mirzayi bildirib.
Onun sözlərinə görə, qurulan iyerarxik sistem insanların öz dili və mədəniyyətinə olan hörmətlərini azaldır.
"Hətta biz görürük ki, türk sənətkar gedir Tehranda səhnəyə çıxa, deyir bəlkə dominant olanın gözündə məqbul görülmək üçün gərək öz aidiyyəti olan kültürünü məsələn aşıq sənətini lağa qoya, ya öz dilini lağa qoya. Çünki, sistem belə qurulub," o, söyləyir.
Sina Mirzayi sistemə qarşı mübarizə üçün türk dilində yazıb və məzmun yaratmanın vacib olduğunu vurğulayır.
O, əlavə edir, "bu assimilyasiya siyasəti və yaranan aidiyyət və iyerarxiyanın ən üst səviyyəsində yer alan farscanı danışanlar həyatı bir-sıfır öndə başlayırlar. Bununla mübarizə etmək üçün özümüzə bir aidiyyət sahəsi açmalıyıq. Bunu açdıqca o qarşı sahə kiçiləcək, necə ki, o sahə genişləndikcə bizimki kiçilir. Bu mübarizəni öz dilimizə xidmət edərək, öz dilimizə meydan açaraq sürdürməliyik. Türkcə Twitter buna gözəl bir misaldır. Bir çox dostumuzun fikri budur ki, əgər biz başqa dildə yazmayıb, daha çox öz dilimizdə yazsaq, özümüzü təcrid edərik. Halbuki, Türkcə Twitter təcrübəsi bunun tam əksini göstərir ki, əgər biz türkcəni mübarizə dili etsək və ona xidmət etsək, bu dildə düşünsək və bu dildə fikir və məzmun yaratsaq özümüzə bir sahə açarıq. Necə ki, Türkcə Twitterdə görürük ki, hətta apolitik olanlar farsca yaza-yaza neçə ildən sonra peşman olub gəlirlər #MəniTap haştaqi ilə deyirlər, mən də gəlirəm sizin bu sahədən istifadə edəm. Görürük ki, təcrid olmadığımız kimi, biraz da güclənirik."
Forum