Güneyli siyasi məhbus Tahir Nəqəvi Evin həbsxanasında təkadamlıq kameraya köçürülüb

Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)

Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən azərbaycanlı vəkil Tahir Nəqəvinin həbsxana gözətçiləri tərəfindən döyülərək, təkadamlıq kameraya köçürüldüyü bildirilir.

Bu barədə hüquq müdafiəçisi, azərbaycanlı hüquqşünas Sina Yusifi X hesabında məlumat paylaşıb. O, Tahir Nəqəvi və digər aclıq aksiyası keçirən məhbusların səhhətindən narahat olduğunu bildirib. Hüquq müdafiəçisi yazıb ki, "Aclıq aksiyası, məhbusun son müdafiə vasitəsidir və məhbus sağlamlığını və həyatını riskə ataraq özünün və başqalarının qanuni hüquqlarını tələb edər".

Bundan bir gün öncə, Evin həbsxanasında saxlanılan üç azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri bu həbsxanada saxlanılan azərbaycanlı fəallara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının davranışlarına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıblar.

SEE ALSO: Evin həbsxansında üç azərbaycanlı fəal aclıq aksiyasına başlayıb

Azərbaycanlı fəallar fevralın ilk həftəsindən Tehranın Evin həbsxanasında saxlanılır və 4 aydan artıqdır ki, məhkəmə orqanları onların zaminə buraxılmasına mane olur.