İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Yaqublu məhkəmədə günahsız olduğunu və cinayət işinin saxtalaşdırıldığını bildirib.
“Mən siyasi motivlərlə həbs edilmişəm və cinayət təqibilə bağlı sifariş birbaşa İlham Əliyevdən gəlib", o qeyd edib.
Siyasətçinin sözlərinə görə, cinayət işinin ibtidai istintaqı kobud şəkildə saxtalaşdırılıb.
O deyib ki, cinayət işində ona aid edilən hüquqa zidd hərəkətlərin tarixləri onun olduğu yer ilə uygun gəlmir. Belə ki, həmin tarixlərdə Tofiq Yaqublu Türkiyədə olub.
Daha sonra siyasətçi hakimlərdən Azər Tağıyevə etiraz edib. Yaqublu etirazını Tağıyevin siyasi məhbus kimi tanınan şəxlərə qarşı məhkəmə proseslərində hakim kimi iştirak etməsi və ABŞ Konqresinə Azərbaycanın bir sıra vəzifəli şəxlərinə qarşı sanksiya tətbiq eidlməsi barədə təqdim edilən qətnamə layiəsində onun adının olması ilə izah edib.
Müdafiə tərəfi Yaqublunun vəkillərinin yanında oturması və məhkəmə iclaslarında iştirak etmək istəyən ictimaiyyət nümayəndələrinin sayının çox olmasını nəzərə alaraq, prosesin daha geniş zalda keçirilməsi ilə bağlı vəsatətlər verib.
Sədrlik edən hakim bildirib ki, növbəti iclasdan Yaqublunun vəkillərin yanında oturmasına icazə veriləcək. İclasların böyük zalda keçirilməsi məsələsinə də baxılacaq.
İclas zamanı Yaqublu Bakıda keçiriləcək COP29 iqlim sammitini boykot etməyə çağıran şüar qaldırıb.
Müdafiə tərəfi cinayət işinə xitam verilməsini və ya Yaqublunun ev dustaqlığına buraxılmasını məhkəmədən xahiş edib. Lakin məhkəmə vəsatəti təmin etməyib və məhkəmə baxışı iyunun 20-nə təyin edilib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 16-da Yaqublu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.