Accessibility links

Tofiq Yaqublunun həbs qətimkan tədbirinin müddəti daha 20 gün uzadılıb


Milli Şuranın üzvü Tofiq Yaqublu
Milli Şuranın üzvü Tofiq Yaqublu

İyunun 1-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması haqqında təqdimata baxıb. Bu barədə məlumatı vəkil Nemət Kərimli verib. Vəkilin sözlərinə görə, məhkəmə Yaqublunun həbs müddətini 20 gün də uzadıb.

“Tofiq bəyin həbs müddəti iyunun 11-də başa çatır, məhkəmənin qərarı ilə həbs müddəti 1 iyula qədər uzadılıb. Yaqublu barəsində ibtidai istintaq artıq yekunlaşıb. Həbs müddətinin uzadılması onun işi üzrə məhkəmə təhqiqatının başlamasının gecikdirilməsi deməkdir”, deyə, vəkil bildirib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Mayın 16-da Yaqublu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli hesab edir.

Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG