Almaniyanın Bonn şəhərində keçirilən İqlim konfransı çərçivəsində iqtisadçı professor Qubad İbadoğluna dəstək aksiyası keçirilib.
İyunun 5-də İqlim konfransı iştirakçılarının yerləşdiyi Marriott otelinin binası gecə saatlarında Qubad İbadoğlunun şəkli ilə işıqlandırılıb və “Qubada azadlıq” sözləri yazılıb.
Qardaşı Qalib Toğrulun verdiyi məlumata görə, aksiya “qurama cinayət işi səbəbindən Azərbaycandan çıxışına qadağa, ölkədaxili hərəkətinə məhdudiyyət qoyulan” İbadoğlunun işinə diqqət çəkmək üçün “Global Witness” beynəlxalq təşkilatının təşəbbüsü ilə təşkil edilib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
3-13 iyun tarixlərində keçirilən Bonn İqlim Konfransı noyabr ayında Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıq məqsədi daşıyır və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan ölkələrdən 6 mindən çox nümayəndəni bir araya gətirir.