ABŞ və Türkiyə prezidentlərinin müşavirləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin vacibliyini vurğulayıb

Ağ Ev

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağataş Kılıç arasında telefon danışığı olub.

Bu barədə iyunun 3-də Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir ki, Ceyk Sallivanın türkiyəli həmkarına “HƏMAS-ın girovlar haqqında razılaşmanın bir hissəsi olaraq İsrailin dərhal atəşkəs əldə etmək təklifini qəbul etməsinin təcili zəruriliyini vurğuladığı” qeyd olunub.

Eyni zamanda, danışıqlar zamanı tərəflərin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğuladığı və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılmasını alqışladığı diqqətə çatdırılıb.

ABŞ hökuməti dəfələrlə Ermənistan və Azərbaycanın layəqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəklədiklərini qeyd edib.

İyunun 3 -də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan - ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.