Azərbaycan və Almaniya xarici işlər nazirləri telefonda danışıb

Annalena Berbok və Ceyhun Bayramov

Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Annalena Berbok mayın 24-də telefonda danışaraq ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Ceyhun Bayramov almaniyalı həmkarına Almatı şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə məlumat verib, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

“Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhədin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib”, məlumatda deyilir.

Telefon danışığı rəsmi Bakının Qazax rayonunun 1990-cı illərdən Ermənistanın nəzarətində olan 4 kəndində nəzarəti bərpa etməsini elan etməsi ilə üst-üstə düşüb.

Azərbaycan baş nazirinini müavini Şahin Mustafayevin ofisinin bu gün yaydığı məlumata əsasən, Azərbaycanın Qazax və Ermənistanın Tavuş rayonu sərhədindəki delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib və ərazilərə Azərbaycan sərhədçiləri yerləşdirilib.

Azərbaycan və Almaniyanın xarici işlər nazilərinin telefon danışığı zamanı həmçinin Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti, iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacibliyinin vurğulandığı bildirilir.