1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan ictimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 22-də məhkəmədə həbsinə etiraz olaraq aclığa başlayıb. O su qəbul edir, ancaq qida qəbulundan imtina edib.
Bu barədə mayın 23-də Famil Xəlilovla telefon danışığından sonra onun həyat yoldaşı Kiçikxanım Xəlilova Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, Famil Xəlilov təcridxananın sanitar-tibb hissəsində saxlanılır.
“Familə həkim nəzarəti var, dərmanlarla təmin edilir. O 8 məhbusla birgə saxlanılır. Familə məhbus yoldaşları qulluq edir. Ona qulluq etmək üçün personal ayrılmayıb”, Kiçikxanım Xəlilova qeyd edib.
Famil Xəlilovun aclıq aksiyası ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.
Mayın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Fərid Əyyubovun sədrliyi ilə Binəqədi Rayon Məhkəməsinin Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməməsindən verilən şikayəti təmin etməyib. Bundan sonra Famil Xəlilov qanusuz həbsinə və məhkəmə qərarına etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını məhkəmədə bəyan edib.
Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, Famil Xəlilovun səhhəti ağır olaraq qalır.
“Famil özü məhkəmədə iştirak edirdi. O bildirdi ki, təcridxananın sanitar-tibb məntəqəsində saxlanılır. Həbsdə olduğu 17 gündə çox əziyyət çəkdiyini məhkəmə heyətinin diqqətinə çatdırdı. Bildirdi ki, qolları iflic olduğundan özü su belə içə bilmir. Ona-buna su ver deməkdən cana doyub. O bu durumda həbsdə saxlanmasını görünməmiş işgəncə adlandırdı”, vəkil qeyd edib.
Xəlilov məhkəmədə həbsinin ictimai fəaliyyəti, hökuməti sosial şəbəkələrdə tənqid etməsi ilə bağlı olduğunu bildirib. O deyib ki, hər iki qolu iflic olduğu halda onun narkotik ticarətində ittiham olunması absurddur.
Xatırladaq ki, mayın 14-də Bakının Binəqədi Rayon Məhkəməsi Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsin deyib ki, birinci qrup əlil Famil Xəlilovun aclığa başlaması onun həyatını qısa bir zamanda təhlükə altına qoya bilər. Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanın "müasir repressiv tarixində Famil Xəlilov işi hər hansı başqa bir işlə müqayisə oluna bilməz".
"İlk dəfədir ki, birinci qrup əlil, müstəqil şəkildə qida qəbul edə bilməyən, ehtiyaclarını yerinə yetirə bilməyən bir şəxsi tənqidi mövqeyinə, çıxışlarına görə cəmiyyətdən bu cür təcrid edirlər. Onu narkotiklə şərləyiblər. Burada siyasi şərləmədən başqa, məsələnin humanitar tərəfi bizi çox narahat edir. Faktiki olaraq Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi Famil Xəlilovun azadlığa çıxmasını istəmir və bunlar hesab edir ki, fəal ictimai çağırışlarla azadlığa buraxıla bilməz", Səfərov qeyd edib.
Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Azərbaycana deportasiya edildikdən sonra o, tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.
Qollarının iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub və kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edirdi və insanları etiraz aksiyalarında iştiraka çağırırdı.
Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.