İqtisadçı professor Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bu barədə onun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, təqdimatı Azərbaycan Baş prokurorluğu verib.
“Bu hazırkı qurama cinayət işinə münasibətdə maksimum istintaq müddətidir. 3 aylıq müddətin 2 ayı polisin (“Bandotdel”in) təşəbbüsü, 1 ayı isə Azərbaycan Baş prokurorunun təqdimatı ilə artırılıb”, o bildirib.
Qalib Toğrul qeyd edib ki, qardaşı barəsində aprelin 22-də seçilmiş ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.
“Qardaşım həftədə iki dəfə polisə gedib, imza atmalıdır. Müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, yaşadığı məntəqə hüdudunda polisdə qeydə alınmış yaşayış yerini dəyişə bilməz. İstənilən anda polis orqanına çağırıla bilər. Hətta iradəsinin əksinə olsa (yəni istəməsə, razılıq verməsə) belə, polis onun yaşadığı mənzilə (evə) gələ bilər”, o qeyd edib.
Qalib Toğrulun sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsi nəticəsində qardaşının ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb.
“Elektron qolbaq olduğuna görə qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlayaraq polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq”, o əlavə edib.
Qalib Toğrulun dediklərini istintaqı aparan Daxili İşlər Nazirliyindən (DİN) və Baş Prokurorluğundan dəqiqləşdirmək mümkün olmayıb.
Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəz edib.
Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.