Tehran kitab sərgisində türk naşirlərin stendlərindən bəzi kitablar yığışdırılıb

Tehran Beynəlxalq Kitab Sərgisində türk nəşriyyatlarının stendlərindən bəzi türkcə kitablar İranın təhlükəsizlik qüvvələri və kitab sərgisinin təhlükəsizlik ofisi tərəfindən toplanıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi mənbələr bu barədə şair və publisist Səid Muğanlıya istinadən məlumat yayıblar.

Muğanlının öz Instagram səhifəsindən paylaşdığı məlumat və görüntülərə əsasən, Qurdların mifi, Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, Nəsiminin divanı, Bağlama pencərəsi, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi, elcəcə də mərhum Məhəmməd Tağı Zehtabinin bütün kitabları və bəzi digər kitablar İranın Mədəniyyət və İrşad Nazirliyinin icazəsi ilə nəşr olunduqlarına baxmayaraq stendlərdən toplanıblar.

SEE ALSO: “İranda 20-dən az türk naşir var, onu da görmək istəmirlər”

Səid Muğanlının yazdığına görə, “pan-İranist qruplar və anti-türk ‘Azəri’ dəstəsinə mənsub şəxslər kitabları təhlükəsizlik orqanlarına report edib və məmurlar da bu reportlar əsasında kitabları müsadirə edirlər.”

Keçən illərdə də Tehran və Təbriz kimi şəhərlərdə keçirilən kitab sərgilərində müxtəlif naşirlərin sərgilədiyi türkcə kitablar təhlükəsizlik orqanlarının göstərişi ilə topladılıb.

SEE ALSO: İranda türk naşirlərə basqılar davam edir

İran Azərbaycanı və Tehranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir. Keçən illərdə türk dilində təqvim çap edən bəzi mədəni fəallar həbs və mühakiməyə məruz qalıblar. Yazarlar əsərlərinin sadəcə məzmun baxımından deyil, istifadə etdikləri kəlimələr və terminlər, habelə yazı qaydaları baxımından da ağır senzura təzyiqi altında olduqlarını önə çəkirlər. Bütün bu məhdudiyyətlərin tətbiq edilməsindən sonra çap icazə alan kitablar belə kitab sərgilərindən topladıla bilir.