İranın Mədəniyyət və İrşad Nazirliyinin Şərqi Azərbaycan baş idarəsinin sədr müavini türkcə kitablara çap icazəsi üçün "İran Azərbaycanının əsil türkcəsi və Təbrizin tarixi ləhcəsinin" əsas tutulacağını ifadə edib.
Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Mədəniyyət və İrşad Baş İdarəsinin mədəniyyət və mətbuat üzrə sədr müavini Həsən Güli bu sözləri Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən yazarlar ilə keçirdiyi iclasda dilə gətirib.
"Türkcənin müxtəlif ləhcələrini nəzərə alıb və qonşu ölkələrdə bu dilin əlifbasının dəfələrlə dəyişdirilməsi problemi və bəzi digər amillərə baxaraq, türkcə kitablarda istifadə edilən yazı qaydaları və terminlərdə əsas göstərici İran Azərbaycanının əsil türkcəsi və Təbrizin tarixi ləhcəsidir," Həsən Güli açıqlayıb.
İRNA-nın xəbərində iclasa qatılan yazarların kimliyi və onların mövzu ilə bağlı fikir bəyan edib-etməmələrinə dair məlumat verilməyib.
İranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir. Keçən illərdə türk dilində təqvim çap edən bəzi mədəni fəallar həbs və mühakiməyə məruz qalıblar. Yazarlar əsərlərinin sadəcə məzmun baxımından deyil, istifadə etdikləri kəlimələr və terminlər, habelə yazı qaydaları baxımından da ağır senzura təzyiqi altında olduqlarını önə çəkirlər.