Son vaxtlar Tehranda türk dil haqları müdafiəçiləri və türkcə kitab nəşri və satışı sahəsində fəaliyyət göstərən nəşriyyata qarşı basqılar olduqca ağırlaşıb.
Amerikanın Səsinə danışan təhlilçi Mehdi Nəimi deyir ki, “İran Azərbaycanından uzaqlaşaraq Tehranda fəaliyyət göstərən türklər dərdləri daha dərindən hiss etdikləri üçün ciddi fəaliyyətlər həyata keçirilər.”
Tehranda təhsil alan türk tələbələr sanki sudan qırağa atılmış balıq kimi olurlar. Onların daha ciddi cəhdləri olur və bu cəhdlər sayəsində idi ki, ana dili kursları təşkil edilirdi.
Keçən illərdə Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları üçün Tehranda tutulmuş fəallar Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi, Tovhid Əmir-Əmini və Kiyanuş Aslani bu yaxınlarda ağır həbs və sürgün hökmlərinə məhkum olublar. Fərşi, Əmir-Əmini və Aslani hazırda Tehranın Evin Həbsxanasında saxlanılırlar.
Tehranda fəaliyyət göstərən hüquq müdafiəçisi Əkbər Nəimi isə təqribən 10 gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.
Son vaxtlar, hənçinin Tehranda türkcə kitab nəşr edən “Əndişə-i Nov” nəşriyyatının kitab mağazası, habelə Təkderəxt (TakDerakht) nəşriyatının qapadılıb, sahibi Ehsan Şükrxudayinin həbs edildiyinə dair xəbərlər yayılıb.
Mehdi Nəiminin sözlərinə görə, “Güney Azərbaycan adına həyata keçirilən fəaliyyətlər dil təməlində olduğu” üçün türk dili sahəsində çalışan fəallar daha çox hakimiyyətin basqılarına hədəf olurlar.
Güney Azərbaycan adına həyata keçirilən fəaliyyətlər dil təməlində olduğu üçün hakimiyyətin təpkiləri də daha çox bu sahədə olur.
“İranın ümumi durumu da günü-gündən gərginləşir. Belə dönəmlərdə bu növ basqılar İranın siyasəti ilə üst-üstə düşür. İran İslam Cümhuriyyəti qurulduğundan bəri gərgin durumlardan öz mənafeyi istiqamətində yararlana bilib. Sadəcə türk fəallar deyil, hakimiyyət keçmişdə digər müxaliflərini də əzmək üçün bilərək böhran və gərginlik yaradırdı,” mədəni fəal söyləyir.
Mehdi Nəimi Tehran universitetlərində tələbələrin təşkil etdiyi türk dili kurslarında müəllimlik edib. O, Azərbaycanın müxtəlif bölgələrində təhsil və iş üçün Tehrana gedən fəalların ciddi və önəmli fəaliyyətlər yürütdüyünü vurğulayır:
“Tehranda təhsil alan türk tələbələr sanki sudan qırağa atılmış balıq kimi olurlar. Onların daha ciddi cəhdləri olur və bu cəhdlər sayəsində idi ki, ana dili kursları təşkil edilirdi. Tehran universitetlərində tələbələrin sayı da Azərbaycan şəhərlərinə görə daha çoxdur.”
O, əlavə edir, “xüsusilə əvvəllər bu mövzu daha qaparıq şəkildə önə çıxardı. İndi bəlkə internet və sosial media sayəsində dərdlər bir miqdar yaylıb və hər yerdə hiss olunur. O dönəm, Azərbaycandan, türk torpaqlarından uzaqlaşınca dərdlərin acısı dərinləşirdi. Buna görə də, Tehrandakı insanlar daha ciddi şəkildə fəaliyyət edirdilər.”
Mehdi Nəimi həmçinin “Əndişə-i Nov” nəşriyyatının möhürlənən kitab mağazası haqqında Amerikanın Səsinə məlumat verib.
“Kitab evinin sahibi Yusuf Qövsi Fərzanə yumşaq bir davranış sərgiləyərək mağazanı ayaqda tuta bilmişdi. Daha əvvəl də az-çox basqılar var idi. Amma, oraya getdiyimizdə yaxından görürdük, Yusuf bəy çalışırdı ki, hakimiyyətin istəklərinə uyğun şəkildə davransın. Bu şəkildə İranın Mədəniyyət və İrşad İdarəsinin kəskin senzura bıçağından kimi kitabları sağ qurtara bildi. Böyük faydası oldu. Amma, son vaxtlar onun yumşaq davranışını da çəkə bilmədilər,” təhlilçi əlavə edib.