Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.
“BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, məlumatda qeyd edilir.
Məlumatda konkret kimlərə görüşün olduğu barədə məlumat verilmir.
Baş Prokurorluğun Mətbuat xidmətinin mayın 15-də yaydığı məlumata görə, özünü sabiq “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti daha 5 ay uzadılıb.
Məlumatda deyilir ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının əməkaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə “separatçı rejimin ümumilikdə 15 nəfər üzvü” Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.