Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində ümumilikdə 123 Instagram səhifəsinin admini polis tərəfindən müəyyənləşdirilib və onlara qarşı məhkəmə işi açılıb.
İran mediasının yaydığı məlumatına görə, Qərbi Azərbaycan vilayətində 109, Ərdəbil vilayətində isə 14 nəfər Instagram səhifəsinin idarəçilərindən çağırılıb və onlara qarşı məhkəmə işi açılıb. Bu xəbərə görə, bu şəxslər İnstagram səhifələrində “normalara zidd” adlandırılan şəkillər paylaşdıqları üçün çağırılıblar.
Fars xəbər agentliyi, Ərdəbildə adminlərinə məhkəmə işi açılan 14 İnstagram səhifəsinin cəmi 1.5 milyon izləyicisi olduğunu bildirib.
Bundan əvvəl Zəncan vilayətində də, Instagram səhifəsi admini olan 6 nəfərin barəsində cinayət işi açıldığı bildirilmişdi.
Polis, bu addımını “Nur Planı” çərçivəsində həyata keçirildiyini deyir.
Polis tərəfindən müəyyən edilən sosial media adminləri, məhkəməyə çağırılır və onların səhifələrinin məzmunları silindikdən sonra onlara məhkəmə işi açılır.
İran polisi aprelin 13-dən etibarən məcburi geyim koduna əməl etməyən qadınlara qarşı "Nur Planı" kimi tanınan layihə həyata keçirir. Polis bu layihəni "İffət və Hicab" qanunu hələ təsdiqlənmədiyi halda həyata keçirir.