Accessibility links

Zəncan vilayətində altı Instagram admininə qarşı məhkəmə işi açılıb


İnstagram
İnstagram

İran mediası Polis Kəşfiyyat Təşkilatına istinadən xəbər verib ki, Zəncan vilayətində İnstagram səhifəsi admini olan 6 nəfər məhkəməyə çağırılıb və onlar barəsində cinayət işi açılıb.

Yayımlanan xəbərə görə, ümumi izləyici sayı təxminən 60 min nəfər olan bu 6 Instagram səhifəsinin gəlin paltarı və qadın saç salonu biznesi ilə əlaqəsi olduğu bildirilir.

Zəncan polisi bu adminlərə qarşı məhkəmə işinin "Nur planı" çərçivəsində açıldığını bildirib. Bu səhifələrin qadınlara məxsus gəlin paltarı və gözəllik salonu biznesi ilə bağlı fəaliyyət göstərdiyi bildirilir.

Yayımlanan xəbərdə, səhifələrin adminlərinin “normalara zidd” şəkillər paylaşdığı iddia edilir. Bəzi saytlar sözügedən Instagram səhifələrinin şəkillərini dərc edib. Həmin şəkillərdə saç rəngi və saç düzümü və onlar haqqında məlumatlar əks olunub.

Məhkəməyə çağırılan adminlərin kimliyi açıqlanmayıb. Digər tərəfdən, bu şəxslərə qarşı ittihamlar barədə məlumat da yayılmayıb.

Həmçinin həmin Instagram səhifələri kiber polis tərəfindən ələ keçirilib və məzmunu silinib.

İran polisi aprelin 13-dən etibarən məcburi geyim koduna əməl etməyən qadınlara qarşı "Nur Planı" kimi tanınan layihə həyata keçirir. Polis bu layihəni "İffət və Hicab" qanunu hələ təsdiqlənmədiyi halda həyata keçirir.

Forum

XS
SM
MD
LG