Accessibility links

Parlamentar: "Xalqın 'İffət və Hicab' qanununa əməl etməsi ehtimalı azdır"


Təbriz, Şahgölü
Təbriz, Şahgölü

Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərinin İran parlamentindəki millət vəkili Qulamrza Nuri Qızılca İran medialarından birinə verdiyi son müsahibəsində polis qüvvələrinin yenidən məcburi hicab qanunu ilə bağlı addımının qanuna zidd olduğunu bildirib.

İran İslam Respublikasının polisi bu yaxınlarda “Nur Planı” kimi təqdim edilən layihəni həyata keçirmək məqsədilə yenidən məcburi hicaba əməl etməyən qadınlara nəzarət etməyə başlayıb. Əxlaq polisi ölkə şəhərlərinin küçələrində, o cümlədən Təbrizdə qüvvələrini yerləşdirib və qadınların geyim koduna nəzarəti həyata keçirir.

Millət vəkili Nuri Qızılca "Didbaniran" saytı ilə söhbətində bildirib ki, "İffət və Hicab" qanunu təsdiq edilmədiyi halda polisin bu hərəkəti qanunsuzdur, çünki polisin hələ təsdiqlənməmiş qanuna istinad etməsi düzgün deyil.

"İffət və Hicab" qanunu hələ hüquqi mərhələdən keçməyib və rəsmi deyil. Bu qanun hazırda parlament və Nəzarət Şurası arasında gedib-gəlir. Polis qüvvəsi, yəqin ki, 80-ci illərin əvvəllərindəki qanunlara əsaslanaraq tədbirlər görə bilər”- deyə, parlamentar qeyd edib.

O, "İffət və Hicab" qanununu tənqid edən az sayda parlamentarlardan sayılır. Deputat bildirib ki, "düşünürəm ki, insanların "İffət və Hicab" qanununa əməl etməsi ehtimalı azdır."

Onun sözlərinə görə, qanunun "mühüm və əsas qüsurları var" və bu qüsurlar həll olunmasa, "cəmiyyət buna qarşı müqavimət göstərəcək".

Nuri Qızılca hicab mövzusunun inanc və dəyərlə bağlı bir məsələ olduğunu irəli sürərək, sözügedən qanunun cəmiyyətdə "ikiqütblülük" kimi problemlər yaradacağını hesab edir.

Şərqi Azərbaycan polisi digər vilayətlərlə birgə aprelin 13-dən qadınların geyim koduna nəzarəti tətbiq etməyə başlayıb. Sosial mediada yayımlanan bəzi video-görüntülər əxlaq polisinin məcburi hicab geyim koduna əməl etməyən qadınlar və gənc qızları həbs etdiyini göstərir.

Forum

XS
SM
MD
LG