Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev mayın 15-də ölüm aclığına başlayacağını bildirib.
Bu barədə vəkil Nemət Kərimli mayın 13-də Bakı Apellyasiya Məhkəməsində Elxan Əliyevin dediklərinə istinadən Amerikanın Səsinə bildirib.
Vəkilin sözlərinə görə, Əliyev sifarişli həbsinə, ədalətsiz məhkəmə hökmünə etiraz olaraq aclığa başlayacağını bəyan edib.
"O məhkəmə heyətinin diqqətinə çatdırdı ki, hər hansı cinayət törətməyib. Siyasi sifarişlə həbs edilib”, vəkil qeyd edib.
“Hakim Elxan bəyin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini rədd etdi və növbəti iclası 27 may tarixinə təyin etdi. Elxan Əliyev isə baş verən qanunsuzluqlara qarşı qəti etirazını bildirərək, intihar edəcəyini dedi. O bildirdi ki, kimsə bu gedişi durdurmalıdır, bu qədər haqsızlıq olmaz, 165 min yeyintisi olan adam onunla bir kamerada yatır, ona məndən az iş veriblər - 5 il. Mənsə qanunsuz boynuma qoyduqları cəriməni belə ödəmişəm, amma hələ də taleyimlə oyun oynayırlar. Bir halda ki, siyasi sifarişlə mənim taleyimin üstündə oyun qurublar, mən də ölümümlə bu oyunu pozaram”, o qeyd edib.
Aprelin 1-də Bakı Ağır Cinayətlər Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki müttəhim - Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.
Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Bakının Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.
Yusif Əliyev satılan torpağın sahibidir. Elxan Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən Vəfadar Axundov da bu işdə vasitəçilikdə suçlanır.