Kəleybər, Xudafərin və Horandın parlamentdəki nümayəndəsi Behnam Rizvani Təbriz şəhərindən parlament seçkilərinin ikinci turuna namizəd olan Əlirza Novinə dəstək məqsədilə keçirilən iclasda diqqət çəkən çıxış edib.
Rizvaninin Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində yerləşən Süngün mis mədəni və gəlirləri haqqında verdiyi bu çıxışın bir hissəsi sosial mediada olduqca diqqət çəkib.
Millət vəkili bu çıxışında Süngün mis mədəninin "türklərə aid olduğunu" irəli sürərək, illik gəlirinin 80 min milyard tümən olduğunu bildirib. Onun sözlərinə görə, qanuna əsasən, mədənlərin əlavə dəyərinin 10%-i vilayətlərə verilməlidir, lakin bu mədəndən əldə olunan gəliri nəzərə alsaq, bu məbləğ təxminən 8 min milyard tümən təşkil edir ki, biz bunu əldə edə bilməmişik.
SEE ALSO: Şərqi Azərbaycanda Süngün Mis Şirkətinin yaradılması təkzib edilib“Bu mədəndən mis çıxarıb konsentrata çevirir və maşınlara yükləyib Kirmana göndərirlər. İndiyə qədər biz bu mis bizim torpaqdadır və onun gəliri də bura aid olmalıdır deməyə cəsarət edə bilməmişik. Mən demirəm ki, bütün bu gəlirlər Azərbaycana verilsin. Qanuna görə mədənlərin yüzdə 10 əlavə dəyərinin vilayətlərdə xərclənməsi lazımdır" - deyə, deputat qeyd edib.
O həmçinin deyib ki, "keçən il vilayətimizin tikinti kreditləri 2 min milyard tümən olub ki, bunun da 1600 min tümənini biz ala bilmişik".
"Əgər biz mis mədəninin əlavə dəyərini ala bilsəydik, bu, ötən ilin tikinti kreditindən 5 dəfə çox olacaq idi. Qaradağın kəndlərində içməyə su yoxdur", o əlavə edib.
Bəzi yerli saytlar və sosial media kanallarında deputatın çıxışının videosu "Azərbaycanda ədalətsizlik" başlığı altında dərc olunub.
Şərqi Azərbaycan vilayətində Azərbaycan Mis Şirkətinin yaradılması məsələsi illərdir müzakirə olunur. Prezident İbrahim Rəisi 2022-ci ildə vilayətə səfəri zamanı bu şirkətin yaradılması üçün sərəncam verdiyini bu mədənin işçiləri arasında elan etsə də, bir il sonra Azərbaycan Mis Şirkətinin yaradılması təkzib edildi və ümumiyyətlə belə bir şirkətin yaradılmasının gündəmdə olmadığı bildirili.
Vilayətdə Azərbaycan Mis Şirkətinin yaradılmasına dair sərəncamın verilməsi xəbəri yayılan vaxt Amerikanın Səsi ilə söhbətdə milli fəallar bu xəbərə nikbin baxmırdılar.
Şirkətin yaradıldığı halda onun gəlir hesabları və vergi ödənişləri vilayətin banklarına köçürülə və desentralizasiya tədbiri olaraq, vilayətin rifahı və tərəqqisinə təsir göstərə bilərdi.