Mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında “Sülh və Dövlətlərarası Münasibətlərin qurulmasına dair ikitərəfli Saziş” layihəsi üzrə ikitərəfli görüş başlayıb.
Kazinform agentliyinin məlumatında deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.
Murat Nurtleu deyib ki, danışıqların ruhunun bütün Avrasiyanın geostrateji sabitliyinin açarı olan Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına öz töhfəsini verəcəyinə ümid edir.
“Bir daha vurğulamaq istərdik ki, Qazaxıstan özünü vasitəçi kimi göstərmədən xeyirxah missiyasını qərəzsiz yerinə yetirməyə hazırdır”, o qeyd edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı növbəti görüş sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir.
O, iki ölkənin nümayəndə heyətlərinin sonuncu dəfə iki aydan bir qədər əvvəl Berlində görüşdüyünü yada salıb.
“Son görüşdən sonra tərəflər sülh sazişi layihəsinə dair şərhlər mübadiləsi aparıb, əlavə olaraq, danışıqlar prosesinin müəyyən aspektləri üzrə tərəflərin mövqelərini əks etdirən müəyyən sənədlərin mübadiləsi aparılıb”.
Bayramov Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesinin başlanmasını mühüm mərhələ kimi qiymətləndirib.
“Həm də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissəsinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokol imzalanıb. Bu protokol 2024-cü il aprelin 19-da müvafiq delimitasiya komissiyalarının sədrləri tərəfindən imzalanıb”, o qeyd edib.
Nazir sevindirici hal kimi qeyd edib ki, bu protokolun müddəalarına uyğun olaraq, ekspert qrupları müəyyən edilmiş müddət və çərçivələrdə öz işlərini həyata keçirirlər. Qısa müddət ərzində böyük həcmdə işlər tamamlanıb.
“Birgə səylər nəticəsində dövlət sərhədinin müvafiq hissələrində minalardan təmizləmə işləri aparılıb. Coğrafi koordinatlar dəqiqləşdirilib, bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb. Protokolda öz əksini tapmış müsbət tendensiya yaxın gələcəkdə də davam etdiriləcək”, Bayramov deyib.
Nazir bəyan edib ki, Azərbaycan delimitasiya prosesinə böyük əhəmiyyət verir və işi davam etdirməyə hazırdır.
“Almatıda danışıqların çox faydalı olacağına inanıram və ümid edirəm ki, hələ də mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün qarşıdakı iki gün ərzində müsbət işləyə biləcəyik”, o qeyd edib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə nazirlərinin görüşünün 1991-ci ildə məşhur Almatı Bəyannaməsinin imzalandığı Dostluq Evinin binasında keçirlməsinin rəmzi məna daşıdığını deyib.
“Son iki ildə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ilk dəfə olaraq Praqada, sonra isə digər çoxtərəfli formatlarda Almatı bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Biz Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını bir daha təsdiq etdik. Onlar da təsdiq ediblər ki, iki dövlət arasında delimitasiya prosesi bu siyasi sənəd əsasında aparılmalıdır”.
O qeyd edib ki, Ermənistan sülhə, sülh müqaviləsinin bağlanmasına yönəlib.
“Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik”.
Nazir hesab edir ki, iki ölkə sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir, daha da irəli gedə bilər.
“Biz bütün nəqliyyat infrastrukturunun ərazisindən keçdiyi ölkələrin suverenliyi altında qalacağını başa düşməklə, regionda bütün nəqliyyat kommunikasiyalarını birgə blokdan çıxara bilərik. Bizim razılaşdığımız dövlət sərhədini keçməklə bağlı inzibati, gömrük prosedurları qarşılıqlı olacaq və qarşılıqlı əsaslar və prinsiplər əsasında nizamlanacaq”, Ararat Mirzoyan əlavə edib.
Amerika Birləşmiş Ştatları sülh sazişi üzrə danışıqları irəli aparmaq üçün mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayıb.
Dövlət Departamentinin sözçüsü Turan agentliyinin sorğusuna cavab olaraq bildirib ki, “Almatı mühüm, simvolik yerdir. Biz Qazaxıstanın görüşə ev sahibliyi etmək təklifini alqışlayırıq”.
Dövlət Departamentinin sözçüsü daha sonra deyib: “Dəfələrlə qeyd etdiyimiz kimi biz Ermənistan və Azərbaycan arasında bu günə qədər əldə edilmiş tərəqqidən ruhlanırıq və hər iki ölkə bütün regionun rifahı naminə sülh sazişinə doğru irəlilədiklərini dəstəkləyirik”.
Xatırladaq ki, Dövlət Departamenti aprel ayında hər iki ölkənin 1991-ci il Almatı Bəyannaməsini sərhədin delimitasiyası üçün əsas kimi qəbul etməyə razılıq verməsi barədə bəyanatlarını da alqışlayıb.
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel aprelin 25-də jurnalistlərə deyib: “Bu, uzunmüddətli və şərəfli sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır”.