"Azərbaycanda, xüsusən noyabr ayından bəri, mənim gəlişimdən bir qədər əvvəl, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə bağlı gördüyümüz hadisələr həqiqətən, də narahatedicidir".
Bu barədə mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, bu, Azərbaycanı illərlə geriyə atır və o cümlədən Azərbaycanda keçiriləcək COP 29 fonunda dünyanın diqqəti Azərbaycandadır.
O deyib ki, ABŞ Azərbaycan hökuməti ilə söhbətlərində bu məsələni qaldırır.
“Bu, ictimai şəkildə qaldırdığımız bir məsələdir. Bu, özəl görüşlərimizdə də qaldırdığımız bir məsələdir və biz bunu etməyə davam edəcəyik," səfir Libbi deyib.
Libbi ABŞ Dövlət katibi Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanda insan haqları və həbslər məsələsini qaldırdığını qeyd edərək bildirib ki, ABŞ gələcəkdə də analoji problemləri gündəmə gətirməkdə davam edəcək və müstəqil mediaya dəstəyini davam etdirəcək, ancaq buradakı əsl məsələ odur ki, son nəticədə Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir.
"Mətbuat azadlığı və vətəndaş cəmiyyəti ilə bağlı problemləri və son bir neçə ayda baş verənlər fonunda hər kəsin narahatlığını necə həll etmək istədikləri Azərbaycandan asılıdır", səfir deyib.
Azərbaycan hakimiyyətinin həbs edilmiş jurnalistlər və ictimai fəallara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamlarının ABŞ, Aİ və başqa beynəlxalq təşkilatlardan qaynaqlandığı iddia edilən maliyyəni də əhate etdiyini nəzərə alaraq, ABŞ-ın bu cinayət işlərində özünü hədəf kimi hiss edib-etmədiyinə dair suala cavab olaraq səfir deyib ki, ABŞ-ın gördüyü işlərdə qeyri-şəffaf və ya üstüörtülü heç nə yoxdur və Azərbaycan hökuməti də bunu bilir.
"Dövlət mediasında təhqir olunursunuzsa, tam şəffaf şəkildə gördüyünüz iş yeganə cinayəti açıq məlumat çatdırmaq və azad ifadə olan insanlara qarşı saxta və qondarma cinayət ittihamları yaradırsa, o zaman tərəfdaşınızla məhsuldar münasibət qurmaq çox çətindir olur," səfir bildirib.
"Bəs onların bunu etmək üçün səbəbi nədir? Sizə və yaxud mənə siqnal göndərməyi çalışırlarmı? Bunu onlardan soruşmaq lazımıdır," o əlavə edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədən çıxarılmasına dair yayılan məlumatları şərh edən səfir, USAID-in qovulmadığını və təşkilatın ölkədəki fəaliyyətinin Azərbaycan hökuməti ilə əməkdaşlıqdan asılı olduğunu və hazırda tərəflərin bununla bağlı danışıqlar apardığını bildirib.
"Azərbaycan istəməsə, biz fəaliyyət göstərə bilmərik. Biz ABŞ-ın bütün yardımları üçün proqramlaşdırmanın ən yaxşı yolunun nə olduğunu müəyyən etmək üzərində çalışırıq. Buna USAID də daxildir. Bu hazırda aparılan söhbətdir," o deyib.
Turan xəbər agentliyinin jurnalistinin ötən ilin payızından başlayaraq Azərbaycan hakimiyyətin USAID layihələrində iştirak edənlərə qarşı cinayət işi açmasının arxasındakı səbəbi ilə bağlı suala cavabında səfir deyib ki, Amerika tərəfi hər şeyi qanun çərçivəsində edib.
"Azərbaycan hökumətinin öncədən bilmədiyi heç bir şey yoxdur və onların bununla bir problemləri yox idi. İndi isə birdən qərara gəlirlər ki, bu, çirkli pulların yuyulmasıdır," səfir deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti sadəcə olaraq KİV-i, müstəqil medianı təqib etməyə qərar verib və bunun üçün hər cür bəhanədən istifadə edir.
"Əgər Azərbaycan hökuməti çirkli pulların yuyulması ilə bağlı saxta ittihamlar irəli sürmək və bundan ictimai xadimləri, jurnalistləri, vətəndaş cəmiyyətini mühakimə etmək və ya qorxutmaq üçün istifadə etmək qərarına gəlirsə, məncə bu, Azərbaycan hökumətinin siyasətinin dəyişməsi deməkdir," o bildirib.
Səfir deyib ki, ABŞ bundan sonra da müstəqil media və vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək.
"Bacardığımız qədər bunu edəcəyik. Nə qədər ki, həvəsli tərəfdaşlarımız var, biz onlarla iqtisadi inkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianı dəstəkləyəcəyik, bunlar bizim üçün əsas prioritetlərdir. Nə qədər ki, tərəfdaşlarımız var, biz bunu etmək üçün yollar tapmağa çalışacağıq," ABŞ səfiri deyib.
Səfir Libbi qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlərə iqtisadi, siyasi və digər sahələrdə ciddi əməkdaşlıq daxildir və bu əməkdaşlıq davam etdiriləcək.
"İqtisadi inkişaf, qadınların imkanlarının artırılması - bütün bunlar bizim ortaq prioritetlərimizdir. Baxmayaraq ki, insan hüquqları və azad mətbuat onun mərkəzindədir və mühüm hissəsidir, başqa şeylər də var və biz hökumətdə və hökumətdən kənarda istəkli tərəfdaşlarımız olduğu müddətcə onları etmək istəyirik”, səfir deyib.
Səfir Libbi Azərbaycan rəsmiləri ilə görüşlərdə insan hüquqları məsələsinin də qaldırıldığını qeyd edib.
"Bizim Azərbaycanla uzun, dərin və çoxşaxəli əlaqələrimiz var və bu, bir sıra məsələləri əhatə edir - qonşuluq siyasəti, təhlükəsizlik, enerji, iqlim və insan hüquqları", o deyib. "İnsan haqları, azad media və vətəndaş cəmiyyəti məsələsi həmişə gündəmə gəlir. Biz bunu həmişə qaldırırıq. Bunun nəticələrini özünüz mühakimə edə bilərsiniz, ancaq biz bu məsələləri qarldırmağa davam edəcəyik", səfir əlavə edib.
Xatırlatma
Azərbaycan Sərhədsiz Reportyorların (RSF) bu ilki mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb. Sərhədsiz Reportyorlar xüsusən də prezident seçkiləri öncəsi mediaya qarşı təzyiqlər və jurnalist həbslərinin Azərbaycanın bütün göstəricilər üzrə geriləmə nümayiş etdirməsinə səbəb olduğunu bildirib.
Azərbaycan indi mətbuat azadlığının vəziyyətinə görə yalnız Şimali Koreya, Türkmənistan, Əfqanıstan kimi ölkələri qabaqlaya bilir.
Rəsmi Bakı ölkədə media azadlığının tam təmin edildiyini, jurnalistlərə qarşı basqıların olmadığını bildirir. Ölkə rəhbərləri jurnalistlərin yazılarına görə deyil cinayət faktı üzrə saxlanıldığını bildirib.