Mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hüquq müdafiəçisi İlhamiz Quliyevin cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı mayın 16-na təyin edilib.
Vəkil Zibeydə Sadıqova ilk olraq həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.
Sadıqova bildirib ki, bir neçə gün əvvəl Avropa Parlamenti Qubad İbadoğlu və İlhamiz Quliyevlə bağlı qətnamə qəbul edib. Sənəddə İlhamiz Quliyevin günahsız oldyğu bildirilir və Azərbaycan hökuməti onu azadlığıa buraxmağa çağırılır.
Vəkilin sözlərinə görə, Quliyev saxlanılan zaman fiziki təzyiqə məruz qalıb.
Sadıqova hakim heyətindən müdafiə etdiyi şəxsin fiziki təzyiqə məruz qalması barədə Yasamal Rayon Prokurorluğunun araşdırma qərarı ilə yanaşı araşdırma materiallarının da məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsini xahiş edib.
İlhamiz Quliyev vəsatətləri müdafiə edib. O bildirib ki, saxlanıldıqdan sonra müdafiə hüququndan da məhrum edilib, öz vəkilini yanına buraxmayıblar. Ailəsinə onun harada saxlanılması ilə bağlı məlumat verilməyib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsəni məhkəmədən xahiş edib.
Məhkəmə heyəti ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətləri isə məhkəmə baxışına saxlayıb.
Xatıraladaq ki, aprelin 25-də Avropa Parlamentinin böyük səs çoxluğu ilə qəbul etdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar, doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” başlıqlı qətnamə Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyevi azad etməyə, bir neçə gün əvvəl ev dustaqlığına buraxılan Qubad İbadoğluna qarşı ittihamları və ölkədən çıxış qadağasını ləğv etməyə çağırır.
Hüquq müdafiəçisi İlhamiz Quliyev ötən il dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.
Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin "Abzas Media"ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən" istifadə etməsindən danışıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq belə bəyanatların özünü müdafiə xarakteri daşıdığını bildirir.