"Hələlik Ələsgər bəydən biopsiya analizinin götürülməsinə şərait yaradılmayıb". Bu barədə Amerikanın Səsinə "Toplum TV"-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli mütləq biopsiya olunmalıdır.
“Aprelin 26-da onu Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıblar. Səhər aparıblar. Axşama qədər müəyyən müayinələrdən keçdikdən sonra yenidən təcridxanaya qaytarıblar. Həmin müayinə prosesində faktiki olaraq öncədən məlum olan xəstəliklərin hamısı təsdiqlənib. Xüsusilə qalxanabənzər vəzdə triod düyünün təqribən 23 mm böyüklükdə olduğu da təsdiqlənib. Amma buna baxmayaraq biopsiya əməliyyatı həyata keçirilməyib. Mütləq biopsiya olunmalıdır. Hələlik biopsiya analizinin götürülməsinə şərait yaradılmayıb”, o bildirib.
Nəsimi Məmmədli qeyd edir ki, iki gün əvvəl Ələsgər Məmmədli ilə telefon əlaqəsi yaradıb.
“Ələsgər bəy bir daha özünü təqsirli bilmir. Heç bir sübut, dəlil olmadan hələ də həbsdə saxlanıldığını bildirdi. Qeyd etdi ki, səhhətindəki problemlərin ortadan qalxması üçün şəraitin yaradılmaması onu çox ciddi şəkildə narahat edir”, Nəsimi Məmmədli əlavə edib.
Ələsgər Məmmədlinin müayinəsinin nəticələri ilə bağlı Amerikanın Səsi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən münasibət ala bilməıyib. Bu qurum uninternet saytında məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab verən olmayıb.
Aprelin 24-də Bakı şəhər Xətai Rayon Məhkəməsində “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə bağlı iclas keçirilib. Vəkil vəsatəti geri götürüb.
Vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib ki, vəsatətin geri götürülməsinin səbəbi, istintaq tərəfinin Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələnin həllini üzərinə götürməsi olub.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunur. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.