Accessibility links

Vəkil: İstintaq tərəfi Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələnin həllini üzərinə götürüb


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Aprelin 24-də Bakı şəhər Xətai Rayon Məhkəməsində “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə bağlı iclas keçirilib. Vəkil vəsatəti geri götürüb.

Vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib ki, vəsatətin geri götürülməsinin səbəbi, istintaq tərəfinin Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələnin həllini üzərinə götürməsi olub.

“Dörd-beş gün vaxtımız var. Bu vaxt ərzində biz istintaq orqanının, eyni zamanda dövlət orqanlarının atacağı addımları gözləyirik. Həqiqətən də Ələsgər bəy bugünkü prosesdə boğulurdu. Qalxanabənzər vəzində şiş o qədər böyüyüb ki, artıq yata bilmir. İştahı yoxdur. Biz sadəcə beş günü gözləməliyik. Beş gündən sonra bu müraciətin zərurəti ortaya çıxacaq”, vəkil qeyd edib.

Aqil Layıc hesab edir ki, Ələsgər Məmmədlinin müalicəyə ehtiyacı var.

“Bu, hüquqi məsələdən daha çox humanitar məsələdir. İnsanın həyatı önəmlidir. Məhkəmədə biz dəfələrlə izah etdik ki, Ədliyyə Nazirliyinin Baş Tibb Xidmətinə, eyni zamanda istintaqı həyata keçirən orqana müraciət etmişik ki, şəxsin peşəkar, özünün seçdiyi həkimlə hospitalda müalicə olunması üçün şərait yaradılsın. Hətta biz sonuncu dəfə Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət etmişdik, biz hətta razı idik ki, Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunsun. Çünki bu insani məsələdir. Məhkəmədə bunları dedik", o qeyd edib.

“Eyni zamanda Penitensiar Xidmətin, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin yazdığı məktub var. O məktubda səthi yazılıb. Ələsgər bəy deyir ki, onu müayinə belə etməyiblər. 16 apreldə qeyd olunan məktubda qeyd ediblər ki, guya Ələsgər bəyin səhhətində heç bir problem yoxdur. Onun qalxanabənzər vəzisi yoxlanılıb. Orada şiş aşkar olunmayıb. Nəticədə onun amblator müalicəyə ehtiyacı yoxdur. Bu tamamilə yalandır. Ələsgər bəy həbsundən öncə biopsiyaya gedirdi. Çünki onun qalxanabənzər vəzində şişlər get-gedə böyüyürdü. Tibbi zərurət var ki, ona müdaxilə olunsun. Məhz bu məsələləri məhkəmədə qabartdıq", Aqil Layıc əlavə edib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin isə məlumat telefonları vasitəsi ilə hər hansı məlumat almaq mümkün olmayıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunur. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG