Accessibility links

Araz Əliyev: Atamı narkotiklə şərləyəcəkləri ilə bağlı təhdid edirlər


Araz Əliyev (Mənbə: Sosial şəbəkə)
Araz Əliyev (Mənbə: Sosial şəbəkə)

"III Respublika Platforması"nın qurucu heyət üzvü və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev ailəsinin təhdid olunduğunu deyir. Əliyevin sözlərinə görə, bir neçə gündür ki, Balakən rayonunda yaşayan ailəsi açıq şəkildə hücumlara və təxribatlara məruz qalır.

"Atamı gəlib evdən aparırlar və narkotiklə şərləyəcəklərini deyərək təhdid edirlər. Bələdiyyə və icra nümayəndələri gəlib torpaq sahələrimizin yenidən ölçülməsini təşkil edirlər. Əlaqəsiz adamları qeydiyyata salıb adlarına torpaq sahəsi çıxarırlar. Etiraz edəndə, hüquqdan, qanundan danışanda da yaşlı-başlı insanları həbslə, narkotiklə təhdid edirlər. Ayrı-ayrı şəxslər vasitəsilə aparılan təhqir və böhtan kampaniyasını isə demirəm", o bildirib.

Qurucu heyət üzvü bildirir ki, rayonun dövlət reystr xidmətində çalışan siravi məmuru belə təhdid edirlər ki, "biz deyəni etməlisən, yoxsa özündən küs".

"Hər şey indimi yadlarına düşdü? 30 ildir qanuni mülkiyyətimizdə olan əraziləri təkrar ölçmək, yaşlı insanları hədəfə almaq, qorxutmaq nəyə və kimə lazımdır? Səbəb çox sadədir, mənim ictimai-siyasi fəaliyyətim. İcraçılar da kim olsa yaxşıdır. İllərdir əhalinin pay torpaqlarını alıb satan, seçkisiz filansız, təyinatla çalışan Hənifə bələdiyyəsinin nümayəndəsi Əliyev Rövşən, elə ondan geri qalmayan Balakən rayon kənd təsərrüfat idarəsinin rəisi, illərdir o vəzifədə qocalan Bayramov Telman. Bir də onların əlaltıları. Sifarişçilər isə yəqin ki, hamınıza məlumdur"- deyə, o qeyd edib.

Məsələ ilə bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.

Araz Əliyev ötən il dekabrın 23-də saxlanılıb, məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək 25 sutka inzibati həbsə məhkum edib. O, yanvarın 17-də həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb.

Platformanın qurucu heyət üzvü bu ilin martın 6-da "Toplum TV işi" ilə bağlı da saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, "Demokratik Təşəbbüslər İnstitutu"nun, həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG