Aprelin 23-də Azərbaycan və Ermənistanın rəsmi mənbələri sərhədin delimitasiyası prosesinin başlanması barədə məlumat yayıblar.
“23 aprel 2024-cü il Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin mətbuat üçün məlumatında deyilir.
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın da mətbuat xidməti analoji mətni yayıb.
Söhbət Ermənistanın Azərbaycana qaytardığı dörd kəndin (Qazax rayonu) ərazisində sərhəd hissəsinin delimitasiyasından gedir.
Ötən həftələrdə Azərbaycanın bu kəndlərin nəzarətinə qaytarılması barədə çağırışı həmin kəndlər ətrafındakı erməni sakinlər arasında narazılıqla qarşılanıb. Baş nazir Nikol Paşinyan hökuməti də kəndlərin qaytarılmasına razılıq verdiyinə görə tənqidlərə məruz qalıb.