Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya keçirildiyi bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Şahin Hacıyev AXCP üzvü kimi prezident seçkilərini boykot etdiyinə görə “ard-arda iki dəfə karserə (cərimə təcridxanası) salınıb.
“Sonra 3 ay ərzində digər məhbuslarla ünsiyyətdən təcrid olunub. Görünür daha sonra gizli məhkəmə keçirib Şahin Hacıyevin ümumi rejimli cəzaçəkmə növünü dəyişərək onu Qobustan Qapalı Həbsxanasına göndəriblər”, məlumatda qeyd edilir.
Şahin Hacıyevin qapalı həbsxanaya göndərilməsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.
Xatırladaq ki, Şahin Hacıyev sosial şəbəkələrdə hakimiyyəti tənqidi çıxışlarından sonra narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hacıyev 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirdi.